Polkovnik Azərbaycan-Türkiyə birgə təlimlərinin siyasi əhəmiyyətini açıqladı

SİYASƏT
15:32 / 30.07.2020
1693

“Məqsəd qoşunların birgə fəaliyyət zamanı döyüş bacarıqlarının təkmilləşdirilməsi, komanda və idarəetmə sisteminin inkişafı, döyüş təcrübəsinin artırılmasıdır”.

HİT.Az xəbər verir ki, bunu “MediaPost”a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Polkovnikin fikrincə, Azərbaycanla Türkiyənin birgə təlimləri hərbi mahiyyət daşımaqla yanaşı, iki ölkənin sıx əlaqələrinin olduğunu region və dünya dövlətlərinə bir daha göstərir:

“Bu təlimləri Azərbaycan və Türkiyə orduları hərbi əməkdaşlıq çərçivəsində ötən ildən planlaşdırıb. Bu da iki dövlət arasındakı münasibətlərlə əlaqəlidir. Məqsəd də qoşunların birgə fəaliyyət zamanı döyüş bacarıqlarının təkmilləşdirilməsi, komanda və idarəetmə sisteminin inkişafı, döyüş təcrübəsinin artırılmasıdır. Ulu öndər Heydər Əliyevin qoyduğu “Bir millət, iki dövlət” prinsipi iki dövlət arasında davam etdirilir. Bizim Türkiyə ilə əməkdaşlıq etmədiyimiz sahə demək olar ki, yoxdur, hərbi-texniki əlaqəmiz daha güclüdür. Azərbaycan və Türkiyə birgə hərbi təlimləri mütəmadi keçirilir, sadəcə ola bilsin ki, bu təlimlər hər dəfə irimiqyaslı olmur. Ancaq bütün bu təlimlər irimiqyaslı təlimlərin keçirilməsinə səbəb olur. Türkiyə və Azərbaycan ordularının birgə fəaliyyət göstərməsi bizim ordunun yüksək potensial səviyyəsindən xəbər verir”.

Ş. Ramaldanov bildirib ki, Azərbaycan Ordusu Türkiyə ilə Əfqanıstanda da Sülhməramlı Qüvvələrlə birgə fəaliyyət göstərir:

“Digər beynəlxalq tədbirlərdə də Azərbaycan Türkiyə ordusu ilə birgə çıxış edir. Bizim Türkiyə ilə həm də strateji maraqlarımızı təmin edən istiqamət var, bu da beynəlxalq əhəmiyyətli enerji layihələrdir. Bildiyiniz kimi, layihələr çərçivəsində neft və qaz boru kəmərləri inşa edilib. Ermənistan tərəfinin növbəti təxribatı ilə Tovuz istiqamətində gedən döyüşlər də onu göstərdi ki, biz bu məsələləri nəzərə alıb, hazır olmalıyıq. Hazır olmaq üçünsə bütün qoşun növlərimiz təhlükəsizliklə bağlı təlimlər keçməlidir”.

Təlimlərin siyasi əhəmiyyətindən danışan polkovnik vurğulayıb ki, Tovuz istiqamətində baş vermiş son təxribatlar Ermənistana və onun havadarlarına sübut etdi ki, Türkiyə həmişə Azərbaycana dəstək olacaq:

“Bu təlimlər geosiyasi arenada Türkiyə ilə Azərbaycanın sıx əlaqəsini göstərən mesajdır. Ona görə də dünəndən başlayan hərbi təlimlərdən düşmən tərəfi təşvişə düşüb. Onların narahatlıq keçirməyinin səbəbi Türkiyənin daim bizə dəstəyini nümayiş etdirməsidir. Türkiyə kimi güclü və tarixi kökü olan bir dövlətin bizimlə həmrəy olması ciddi məsələdir. Bu amil Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad olunmasına təsir göstərəcək. Düşünürəm ki, iş birliyimiz ilk növbədə, bizim güclü ordumuzun olmasından xəbər verir. Əgər Türkiyə ordusu ilə ayaqlaşa biliriksə, deməli, ordumuzun təchizatı yüksəkdir və müasir tələblərə cavab verir. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, əgər Ermənistan və Azərbaycanı təkbətək qoysalar, Azərbaycan Ordusu qısa vaxta işğalçı qüvvələri darmadağın edib Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə qadirdir. Yəni bu gün Azərbaycan Ordusu öhdəsinə düşən vəzifələri icra etmək gücündədir. Hazırkı vəziyyətdə Azərbaycanla Türkiyənin birgə fəaliyyəti ordunun inkişafı, təkmilləşməsi baxımından da böyük əhəmiyyət kəsb edir. Bu təlimlərin məqsədi iki dövlətin döyüş bacarığını yüksəltməkdir. Təlim iştirakçılarına uğurlar arzulayıram”.

0