Ədalət Vəliyev daha bir partiya sədriylə görüşdü

SİYASƏT
17:17 / 31.07.2020
993

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının "Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi"nin müdiri Ədalət Vəliyev iyulun 30-da Təkamül Partiyasının sədri Teyyub Qənioğlu ilə görüşüb.

HİT.Az xəbər verir ki, görüşdə koronavirus pandemiyası, onun mənfi nəticələrinin aradan qaldırılması istiqamətlərində dövlət səviyyəsində həyata keçirilən tədbirlər; iyul ayının 12 -də Ermənistanın Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində təcavüzü və onun nəticələri; iqtidar-müxalifət münasibətlərinin mövcud vəziyyəti və perspektivləri; "Siyasi partiyalar haqqında" qanuna dəyişiklərin edilməsi zərurəti; qanunlara riayət edilməsinə nəzarətin gücləndirilməsi; rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə; əhalinin sosial müdafiəsi ilə bağlı bəzi qanunlara əlavə və dəyişikliklərin edilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Şöbə müdiri Ədalət Vəliyev koronavirus pandemiyasının ölkə iqtisadiyyatına və əhalinin yaşayış səviyyəsinə mənfi təsirlərinin aradan qaldırılması istiqamətində dövlət səviyyəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat vermişdir. O, qeyd etmişdir ki, həyata keçirilən qabaqlayıcı tədbirlər pandemiyanı nəzarət altına almağa imkan vermiş, onun ölkə iqtisadiyyatına mənfi təsir göstərməsinə baxmayaraq, Prezident İlham Əliyevin göstərişi ilə, heç bir sosial proqram təxirə salınmamışdır. Ədalət Vəliyev pandemiyanın ölkə iqtisadiyyatına və əhalinin güzəranına mənfi təsirlərinin aradan qaldırılması üçün dövlət büdcəsindən 3,5 milyard manat ayrıldığını, işsizlərə və pandemiya ilə əlaqədar olaraq işini müvəqqəti olaraq itirən vətəndaşlara Prezidentin göstərişi ilə ayada 190 manatın verildiyini qeyd etmişdir.

İyul ayının 12-də Ermənistanın Azərbaycanla Tovuz rayonu istiqamətindəki sərhəddə törətdiyi təcavüzə toxunan Ədalət Vəliyev onu ermənilərin işğalı davam etdirmək cəhdi olduğunu qeyd etmiş və qətiyyətlə pisləmişdir. Ermənistanın bu təcavüz hərəkətinə qarşı Azərbaycan xalqının göstərdiyi misilsiz birliyi, xalqın Ali Baş Komandan ətrafında sıx birləşdiyini, 43 siyasi partiyanın birlikdə, 4 partiyanın ayrılıqda Ali Baş Komandana dəstəyini ifadə edən bəyanatını yüksək qiymətləndirən şöbə müdiri, bunları xalq- iqtidar birliyinin nümayişi kimi qiymətləndirmişdir.

Ədalət Vəliyev ölkədə iqtidar-müxalifət münasibətlərinin yaxşılaşdırılması, siyasi partiyalarla münasibətlərin sivil formalarının bərqərar olması istiqamətində Pzezident İlham Əliyevin rəhbərliyi altında dövlət səviyyəsində yeridilən siyasətin dönməz olduğunu vurğuladı.

Təkamül Partiyasının sədri Teyyub Qənioğlu koronavirus pandemiyasının ölkə iqtisadiyyatına və əhalinin güzəranına mənfi təsir etdiyini qeyd edərək, onun nəticələrinin aradan qaldırılması istiqamətində dövlət səviyyəsində həyata keçirilən tədbirlərin təqdirəlayiq olduğunu, ancaq bu sahədə müəyyən boşluqların da olduğunu qeyd etdi.

Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsində "Məşğulluq haqqında", "Sosial sığorta haqqında", "Pensiya haqqında" qanunların müstəsna rol oynadığına toxunan Teyyub Qənioğlu bu qanunların vətəndaşların mənfeyinə daha da uyğunlaşdırılmasının vacibliyinə diqqət çəkdi.

Ölkə iqtisadiyyatının inkişafında sahibkarlığın müstəsna roluna toxunan Teyyub Qənioğlu bu sahənin daha sürətlə inkişafı üçün hökumətin maliyyə-kredit siyasətinin daha da təkmilləşdirilməsinin məqsədəuyğun olduğunu diqqətə çatdırdı.

Ölkədə iqtidar-müxalifət münasibətlərinin sivil qaydaya düşməsi istiqamətində dövlət səviyyəsində həyata keçirilən tədbirlərin təqdirəlayiq olduğunu, PA-nın strukturunda "Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi"nin yaradılmasının əlamətdar hadisə hesab etdiyini qeyd edən Teyyub Qənioğlu ölkə həyatında siyasi partiyaların rolunun yüksəldilməsi üçün "Siyasi partiyalar haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsinin, xüsusilə də partiyaların maliyyələşməsi ilə bağlı maddələrə yenidən baxılmasının vacibliyini nəzərə çatdırdı.

Ermənistanın Tovuz rayonu istiqamətində Azərbaycan sərhəddini pozmaq, yeni ərazilər işğal etmək cəhdini qətiyyətlə pisləyən Teyyub Qənioğlu, xalqımızın, mövqeyindən asılı olmayaraq demək olar ki, bütün siyasi partiyaların işğalla barışmayacağını, Ali Baş Komandan ətrafında sıx birləşdiyini nümayiş etdirdiyini yüksək qiymətləndirərək torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə əmin olduğunu qeyd etdi.

Sonda tərəflər hakimiyyətin təşəbbüsü ilə başladılan siyasi dialoqu müsbət qiymətləndirib, onun davamlı və dayanıqlı olmasının əhəmiyyəti barədə həmfikir olduqlarını bildiriblər.

 

0