Şəhid generalımızın adına PUA hazırlanır

ÖLKƏ
18:50 / 31.07.2020
908

Tural İsmayılzadə: "Heç kəsə müraciət etmədik, bu işi hamılıqla görəcəyik"

Şəhid general-mayor Polad Həşimov öz qəhrəmanlığı ilə elə zirvəyə qalxdı ki, daha heç nə, heç bir qüvvə onu həmin yüksəklikdən aşağı sala bilməz. Əsgərlərini doğma övladı tək sevən, hərbi hissəni isti ocağı bilən cənab general bu günlərdə təkcə canı qədər sevdiyi vətəni Azərbaycanda yox, bütün dünyada xatırlanır, yad edilir. Bizim mifik qəhrəmanlara, təxəyyül obrazlarına ehtiyacımız olmadığını Polad Həşimovun şücaəti bir daha təsdiqlədi. Neçə-neçə valideyn öz övladına bu adı qoydu, nənə- babalar körpələrinin Polad kimi möhkəm olmasını arzuladı.

Cənab general-mayor barədə müxtəlif təşəbbüslərlə çıxış edənlər də az deyil. Belələrindən biri də “TechoROUT” startapının təsisçisi və rəhbəri Tural İsmayılzadədir. O, Polad Həşimovun xatirəsinə PUA hazırlayır. Əlbəttə, təqdirediləsi təşəbbüsdür. Odur ki, “Sherg.az” saytı olaraq vətənpərvər ixtiraçı ilə söhbətləşdik.

-Belə bir ideya necə yarandı?

-Komandamız Azərbaycanda sosial innovasiyaların inkişafı və texnoloji məhsullar üzərində işləyir. Ölkəmizdə bir sıra beynəlxalq layihələrin tətbiqinə, o cümlədən insanların sosial sahədə üzləşdiyi problemlərin həllinə çalışırıq. Ermənilərin Tovuz təxribatı bizi də çox narahat etdi və düşündürdü. Şəhid olan həmvətənlərimizin xatirəsi bizim üçün əzizdir, əbədidir. Öncəki layihələrimizdən bir çoxuna şəhidlərimizin adını vermişik. Tovuz şəhəri mənim doğulduğum, böyüdüyüm əziz məkandır, orada çoxlu xatirələrim var. Bu cür dəyərli və igid oğlumuzun orda şəhid olmasına görə qərar verdik ki, Polad bəyin adını əbədiləşdirək.

-Ümumiyyətlə, məhz pilotsuz uçuş aparatını hazırlamaqda məqsəd nədən ibarətdir?

-Bu gün torpaqlarımız işğal altındadır. Onları azad etmək başlıca vəzifəmizdir. Hərbi əməliyyatlarda əsas məsələlərdən biri də əks-kəşfiyyat və hava sahəsinin müdafiəsidir. Ən son döyüşlərdə bu aparatlardan geniş istifadəni görürük. Cənab Prezident şəhid ailələri və əlillərlə görüşdə qeyd etdiyim məsələni xüsusi vurğuladı. Bunlar kifayət qədər bahalı silahlardır və kənardan alırıq. Doğrudur, ölkəmizdə yetərincə güclü silahlar var. Amma düşünürük ki, məhz milli istehsalımız olacaq pilotsuz aparatlar gücümüzə güc qatar.

-Layihənin texniki detallarından danışaq. Necə işləyəcək?

-Layihəmiz həm hərbi təyinatlı olduğu üçün, həm də müəlliflik hüququna görə geniş məlumat verə bilməyəcəyik. Layihəni tam ərsəyə gətirib, sınaqdan keçirdikdən sonra, bütün üstünlüklərini ortaya qoyacağıq. Ancaq onu deyə bilərik ki, bu PUA-lar bir çox imkanlara sahib olacaq. Məsələn, daha uzunmüddətli uçuş həyata keçirəcək, daha çox informasiya ötürə biləcək, öz enerjisinin bir qismini alternativ enerji hesabına ödəyəcək və sair.

-Bu layihəni gerçəkləşdirmək elə də asan deyil. Bunun üçün maliyyə lazımdır. İnvestor tapmısız, yoxsa hələ axtarışdasınız?

-Ciddi maliyyə problemimiz var, ancaq biz inanırıq ki, xalq birliyindən istifadə edərək, bu problemin də öhdəsindən gələcəyik. İndiyədək heç bir investoru yanımızda görmədik. Ona görə indi də heç kəsə müraciət etmədik. Bu işi hamılıqla görəcəyik.

-Ümumiyyətlə, layihəni reallaşdırmaqdan ötrü təxminən nə qədər vəsait lazımdır?

-Hər bir layihənin dəyərini hesablamaq, prototipi düzəltmək və sınaqdan keçirmək üçün ilkin kapital lazımdır. Biz hələlik bu məbləği hesablamışıq. Yalnız bundan sonra istehsala hazırlıq və təkmilləşdirmə üçün gərəkli investisiyanı deyə bilərik. İlkin mərhələ üçün bizə 300 min manat investisiya kifayət edər. Bu, komandanın iş imkanlarının yaradılması, zəruri avadanlıqların alınması, prototipin hazırlanması və sınağı üçündür.

-İnvestor tapılsa, layihəni tam hazırlayıb təhvil vermək nə qədər müddətə başa gələcək?

-Dəqiq cavab verə bilmirəm, çünki pandemiya vəziyyəti ilə bağlı komandanın tam şəkildə çalışması, lazımi qurğuların alınması, onların ölkəyə gətirilməsi ilə bağlı olan problemlərə görə müddət uzana bilər. Təqribi hesablasaq, ilkin mərhələ üçün bizə 2 ay, istehsala hazırlıq və təkmilləşmə üçün 1 il müddət sərf olunacağını düşünürük. Fəaliyyət sahəmiz Nazirlər Kabinetinin xüsusi karantin rejimi dövründə fəaliyyətinə icazə verdiyi sahələr siyahısında olsa da, naməlum səbəblərdən portaldan iş üçün icazə ala bilmirik. Bu vəziyyətdə 2 həftə ərzində konstruksiya hazır olsa, növbəti 2 həftə ərzində də digər işləri yekunlaşdırıb sınaqdan keçirmək olar. Lakin bunun üçün ilk növbədə sərbəst hərəkət və iş imkanımız təmin edilməlidir.

-Belə bir layihəni hazırlamaq, sözsüz ki, təcrübə tələb edir. Əvvəl analoji bir ideyanız olubmu?

-Bu günə kimi hərbi sahədə ekipajsız sualtı qayıq hazırlamışıq, həmçinin alternativ enerji sahəsində bir çox uğurlarımız var. Fiziki-məhdud imkanlara sahib olan dostlarımız üçün qurğular düzəltmişik. Pandemiya ilə əlaqədar fəaliyyətimiz məhdudlaşsa da, hər şey bitdikdən sonra hazırladığımız bütün layihələrin təqdimatını həyata keçirəcəyik.

0
Sherg.az