Etiraz edərək satdığı soğanı yandıran şəxslə bağlı - Açıqlama

ÖLKƏ
15:21 / 01.08.2020
1106

Bəzi kütləvi informasiya vasitələrinə Masazır kəndində meyvə-tərəvəz satışı ilə məşğul olan Vüqar Əzizovun satdığı soğanı yandırması ilə bağlı video daxil olub. O, bu hadisəni adıçəkilən kənd inzibati ərzai dairəsi üzrə nümayəndəsi Şahmar Həsənova etiraz əlamət olaraq törədib. Abşeron rayonunun İcra Hakimiyyəti yayılan videogörüntülərə münasibət bildirib.

HİT.Az xəbər verir ki, İH-nin mətbuat xidmətindən verilən məlumata görə, müəyyən olunmamış yerlərdə ərzaq və kənd təsərrüfatı məhsullarının satılması, küçə ticarəti ilə məşğul olmaq ətraf mühitin çirklənməsi, mərkəzi küçə və prospektlərin estetik gözəlliyinə xələl gətirməsi, insanların  sağlamlığına ziyan olmaqla yanaşı eyni zamanda da qanunla qadağandır: “Belə  ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 454-cu maddəsinə  əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmamış yerlərdə malların satılması inzibati məsuliyyət müəyyən edir.

Bununla əlaqədar olaraq Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ş.Həsənov tərəfindən qanunamüvafiq olaraq satıcı V.Əzizova küçə ticarətinin dayandırılması və ərazinin təmizlənməsi ilə bağlı xəbərdarlıq edilib. V.Əzizov isə qanunun tələblərinə riayət etməkdən imtina etmiş və satdığı soğanı yandırmışdır. 

Öz qanunsuz əməllərinin həyata keçirilməsi üçün belə şantaj vasitələrindən istifadə olunması yolverilməzdir. Rayon  İcra  Hakimiyyəti tərəfindən bu kimi qanunsuz əməllərin, küçə ticarətinin və ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması  istiqamətində  bundan  sonra  da qanunamüvafiq  tədbirlər  həyata  keçiriləcəkdir.

0