Ötən gün ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, şimal-qərb küləyi güclənib.
Milli Hidrometeorologiya Xidmətindən HİT.Az-a verilən məlumata görə, gün ərzində yağan yağışlarla əlaqədar Respublikanın əksər çaylarında sululuq artıb, Böyük Qafqazın bəzi çaylarından: Kürmükçay İlisu, Girdimançay Qaranohur məntəqələrindən sel keçib.
Bildirilib ki, Kiçik Qafqaz çaylarında suyun səviyyəsi 9-11 sm, Böyük Qafqazın ərazisindən axan Vəlvələçayda 10 sm, Lənkəran-Astara bölgəsi çaylarında 2-5 sm, Qanıx çayında isə 12 sm artım müşahidə olunub.