Xəbər verdiyimiz kimi, Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun səhhətində problem yaranıb. Onun vəziyyəti qəfildən pisləşdiyi üçün ev şəraitində müalicə olunur
Yenisabah.az-a danışan rejissor xəstəliyindən sonra ona qarşı olan laqeyd münasibətdən gileylənib, dövlətdən yardım istəsə də heç kimin ona köməklik etmədiyini deyib:
“Boğuluram, nəfəs ala bilmirəm, bu hava şəraiti də mənim səhhətim üçün yaxşı deyil. Evdə dava-dərman edirik. Çox qəribədir, mən dəhşətə gəlirəm, keçən dəfə açıq müraciət etdim, amma maraqlanan olmadı. Naşükür adam deyiləm, humanist insanam, amma o adamalara dövlət qayğısı, diqqət göstərilir ki, onlar heç Şeyxin dırnağı da deyil. Şeyxin fəaliyyəti, 60 illik xidmətləri, son hadisələrlə bağlı layihələri göz qabağındadır. Sənətim, təhsilim, adım-sanım, soy-köküm hamıya bəllidir. Bu günə kimi heç bir siyasi, maddi təmənnası olmayan, sizdən bu günə kimi heç nə ummayan, küsməyən Şeyx Əbdül Mahmudbəyov yada düşmürsə, daha nə demək olar? Mən danışa bilmirəm, Allah Bəhram Bağırzadənin də şəfasını versin, o da mənim bir oğlumdur, amma bilirsiniz, sabah bu xalqın düşmən qabağına çıxası ziyalıları lazımdır.
Mən ölkənin birinci vitse-prezidentinə müraciət edirəm, mənim imkanım yoxdur. Bir dərman almışam 58 manata. Artıq 3-cü aya keçəcək ki, xəstəyəm, müalicə alıram, düz 4700 manat dərmanlara pul vermişəm. Dərmanlar çox bahadır. Hörmətli Mehriban xanım, Leyla xanım, mən sizə müraciət edirəm, bu xalqın üstündə mənim haqqım var, mən müalicə olunmalıyam, imkanım da yoxdur. Ev şəraitində əziyyət çəkirəm, yazıq arvad-uşaq, qohum-əqrəba girinc olub. Mənə bir cavab verin. Sosial şəbəkələrdə, saytlarda müraciətim yazılıb, kimdir bunun qabağını alan?
77 yaşında xalq sənətkarıyam, hamıya dəstək verilir, xalqın tanımadığı şəxslərə dayaq olurlar. Düz edirsiniz, onlara da dəstək olun, amma mənə də kömək edin”.