Xanımlarımız ötən illərə nisbətən son vaxtlar daha çox plastik əməliyyatlara üz tuturlar.
Onların içərisində öz xarici görünüşündən narazı olanlar da var, əks cins tərəfindən bəyənilmək üçün bunu edənlər də. Hətta öz həmcinsləri ilə rəqabətə girib ən ağır formada əməliyyat masasına uzanıb plastik əməliyyatlar həyata keçirən qadınlarımız da az deyil.
Dəhşətlisi isə odur ki, həmin xanımların çoxu həkimləri sosial şəbəkələr vasitəsi ilə onların əl işlərinə baxaraq ya da kiminsə məsləhəti ilə seçirlər. Ona görə də səriştəsiz cərrəhların qurbanı olurlar. Mövzunu işıqlandırmağımıza səbəb bir müddət öncə gündəmi zəbt edən plastik əməliyyatın qurbanı Mələk adı ilə tanınan 1996-cı il təvəllüdlü Turanə Musazadənin ölüm xəbəri oldu.
Məlumatlara görə, 24 yaşlı qız xarici görünüşündən narazı olduğu üçün müxtəlif vaxtlarda 3 əməliyyat keçirib. Birinci əməliyyatını başqa cərrah icra etsə də 2-ci, 3-cü əməliyyatını Siruz Qoçqaninin yanında həyata keçirib. Üçüncü dəfə 8.000 Azn pul ödəyərək eyni vaxtda 3 əməliyyata girib və deyilənə görə, məməplastika əməliyyatı zamanı dünyasını dəyişib.
İddialara görə, onun ölüm səbəbi ürək damarının zədə almasıdır. Qeyd edək ki, bu Siruz Qoçqaninin ilk uğursuz əməliyyatı deyil. Belə ki, cərrah Siruz Qoçqani 24 yaşlı model Leyla Oruclunun da ölümündə təqsirli bilinib. Daha sonra ginekoloq Sona Gürgün Vəliyeva Siruz Qoçqani tərəfindən həyata keçirilən liposaksiya əməliyyatından sonra dünyasını dəyişib.
Siruz Qoçqani tərəfindən əməliyyatı uğursuz olan xoşbəxtlikdən sağ qalan Zərifə isə bizə müraciət edərək uğursuz əməliyyatdan sonra cərrah Siruz Qoçqanidən təzminat aldığını bildirdi. Uğursuz əməliyyatlar bununla bitmir. Bizə müsahibə verən Xəyalə də öz uğursuz əməliyyatından danışdı. Belə ki liposaksiya əməliyyatına üz tutan xanım daha sonra sürətlə kilo alıb. Aydın olub ki, ona köhnə texnika ilə əməliyyat ediblər.
Həkimin adını çəkmək istəməyən Xəyalə bu əməliyyatdan zərər çəkdiyini qeyd etdi.
Xanımlar kimi bəylərimiz də xarici görünüşündə bəzən komplekslər yaşayır müsahibimiz Emil kimi. Zərərçəkmiş sosial şəbəkələr vasitəsi ilə tapdığı saç əkimi ilə məşğul olan Rəşad Əliyev adlı həkimə müraciət edib.
1.200 Azn ödəyərək əməliyyata girən Emil gözlədiyindən də pis nəticə ilə qarşılaşıb. Son vaxtlar uğursuz əməliyyatları ilə gündəm olan dələduz cərrahlar haqqında daha ətraflı BakuTv-nin xüsusi buraxılışında izləyə bilərsiniz.