Restoran və ticarət mərkəzləri bu halda açıla bilər - Professor

ÖLKƏ
13:53 / 04.08.2020
1249

“Karantin davranışları sərt olarsa, hətta qapalı məkanlar da fəaliyyət göstərə bilər”.

HİT.Az xəbər verir ki, bunu “MediaPost”a açıqlamasında tibb eksperti, professor Adil Qeybulla karantin rejiminin yumşaldılması ilə bağlı danışarkən deyib. O, indiki dövrdə dəqiq karantin qaydalarının müəyyənləşdirilməsinin və bu qaydalara əməl edilməsinin vacibliyini vurğulayıb:

“Biz bundan əvvəl avqustun 5-dən sonra karantin qaydalarının yumşaldılması üçün təkliflər hazırlamışdıq. O təkliflərdə çimərliklərə icazə verilməsi və s. bir çox məqamlar qeyd edilmişdi. Hazırkı yumşalmalar da bu baxımdan yaxşıdır. Sadəcə, bir məsələ var ki, həftəsonu ictimai nəqliyyat qadağandır. Belə olan halda kasıb insanlar çimərliyə necə gedəcək? Hesab edirəm ki, budəfəki yumşaldılmalarda da müəyyən məsələlər hələ də öz həllini tapmayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiyanın son zəngi vurulana qədər karantin davranışları dəqiq göstərilməlidir ki, sabah nəzarət həyata keçirilsin. 

Bizim baxışımız bundan ibarətdir ki, karantin davranışları sərt olmalıdır. Yəni sərbəst hərəkət zamanı konkret davranışlar- sosial məsafə saxlamaq, maska taxmaq, dezinfeksiya və s. bunlar sərt şəkildə görülərsə, yoluxma sayı azalar”.

Ekspertin sözlərinə görə, insanlar qaydalara əməl edərsə, kafe və restoranlar, ticarət mərkəzləri və s. fəaliyyətini bərpa edə bilər:

“Fikrimcə, qapalı məkanlar da fəaliyyət göstərməlidir. Onsuz da bu gün marketlər də, ictimai nəqliyyat da fəaliyyət göstərir. Məhdudiyyətlərin xeyli hissəsini götürmək olardı. Yəqin ki, keçən dəfəki karantindən sonra Operativ Qərargah birdən-birə qaydaları yumşaltmağa ehtiyat edir”.

Professor bildirib ki, bu gün insanlar deyilənlərə əməl etmək yerinə həkimləri tənqid edir: “Məsələn, karantin davranışları sərtləşdirilsin deyəndə, üstümüzə gəlirlər, sərt şəkildə tənqid edirlər, hətta təhqirə yol verirlər. Amma biz deyirik ki, “evdə qal” rejimi ləğv olunsa da, davranış qaydaları sərtləşdirilsin. Yəni qapalı məkanda maska geyinin, sosial məsafə gözləyin. İnsanlar hələ də indiyə qədər anlamır ki, infeksiya təhlükəlidir, bundan 40-a yaxın həkim ölüb, xeyli insan dünyasını dəyişib. Yaxşı olardı ki, insanlar mütəxəssis rəylərini oxusunlar. Hər halda biz bunu göydən demirik, dünya təcrübəsini oxuyuruq”.

1