Türkiyə Dağlıq Qarabağa girəcək?

SİYASƏT
09:19 / 05.08.2020
1154

“Qardaş ölkə nəinki Dağlıq Qarabağı azad edəcək, hətta İrəvana qədər gedəcək”

“Əslində “siyasi ağıl” və politoloji təhlillər deməyə əsas verir ki, Türkiyə qoşunları yaxın zamanda Şuşada, Laçında... olacaq”

Qardaş Türkiyə ordusunun Azərbaycanda hərbi təlimlərə başlaması insanlarımızda ciddi ruh yüksəkliyi yaradıb. Bunun fonunda müxtəlif versiyalar da səslənir. Düşünülür ki, Türkiyə və Azərbaycan ordusu yaxın zamanda Dağlıq Qarabağı işğaldan azad edəcək və erməni təcavüzünə birdəfəlik son qoyulacaq.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da belə fikirləşir. O, “Sherg.az”a açıqlamasında qənaətinə təsir edən məqamları sadalayıb:

“Bütün amillər göstərir ki, Türkiyə Dağlıq Qarabağa girəcək. Qardaş ölkənin hakim partiyasının sədrinin qoşunları Dağlıq Qarabağa girməyə dəvət etməsinə, həmçinin digər siyasi partiyaların konkret mövqeyinə əsaslanaraq bunu deyirəm.

Tovuz döyüşlərindən sonra Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan ermənilərə müraciət edərək söyləmişdi ki, bu torpaqlardan təcili çıxsınlar.

Üstəgəl, Türkiyənin Azərbaycanda belə genişmiqyaslı hərbi təlimlər keçməsi ilk dəfədir. Həm də burada təəccüblü nə var ki? Türkiyənin Dağlıq Qarabağı azad etməməyi sual yaradar, etməyi yox. Axı Qafqaz, o cümlədən Dağlıq Qarabağ Türkiyə üçün də maraqlıdır. Suriyaya, İraqa girən türk qonşuları Dağlıq Qarabağa niyə girməsin?”.

S.Cəlaloğlu, həmçinin bildirib ki, mediada yayılan xəbərlər də Türkiyənin qəti mövqeyindən xəbər verir:

“Türkiyə KİV- i yazır ki, Dağlıq Qarabağ yaxın zamanda azad olunacaq. Rusiya mətbuatında dərc olunan informasiyalarda da Türkiyənin bölgəyə gəlişindən narahatlıq hiss olunur.

Ən maraqlısı isə odur ki, Ermənistandakı yerli qəzet və saytlar da bu barədə məlumat verirlər. Bildirilir ki, Türkiyə nəinki Dağlıq Qarabağı azad edəcək, hətta İrəvana qədər gedəcək.

Şəxsən mən Ərdoğanın yerində olsam, bunu edərdim. Əslində “siyasi ağıl” və politoloji təhlillər onu deməyə əsas verir ki, Türkiyə qoşunları yaxın zamanda Şuşada, Laçında... olacaq. Buna ancaq Azərbaycanın daxilindəki Rusiyapərəst qüvvələr mane ola bilər.

Əgər Azərbaycan, həqiqətən, Dağlıq Qarabağın azad olunmasını istəyirsə, Türkiyənin dəstəyi ilə Xankəndi də daxil olmaqla bütün Dağlıq Qarabağ azad ediləcək”.

0