Koronavirus uzmanları Bakıya niyə toplaşır? – Açıqlama

ÖLKƏ
19:21 / 05.08.2020
1145

Çinli həkimlərdən əvvəl isə ölkəmizə 115 nəfərlik briqadadan ibarət kubalı həmkarları təşrif buyurublar. Eyni zamanda, rus və italiyalı həkimlər də Azərbaycanda koronavirusla mübarizəyə qoşulublar.

İndisə çinlilərin gəlməsi suallar doğurur. Ölkədə virusa yoluxmanın azalma tempi müşahidə olunduğu zamanda əcnəbi doktorların prosesə qoşulmasının səbəbi nədir?

Tibb üzrə professor Adil Qeybulla bildirib ki, xaricdən həkimlərin gətirilməsinin motivləri ictimaiyyətə açıqlanmır və bu da istər-istəməz narahatlıq doğurur. Onun sözlərinə görə, bu məsələdə müəmmalar var, lakin cəmiyyətə izah edilmir:

“Biz də məsələni belə qoymuşuq ki, öz həkimlərimiz ola-ola nə üçün kubalı, çinli və yaxud italiyalı həkimlər dəvət olunur? Bunun motivləri açıqlanmır və narazılıq doğurur. Çünki bizdə virusoloqlar, reanimotoloqlar var və müəmmalıdır ki, xaricdən həkimlər təşrif buyurur”.

A.Qeybullanın sözlərinə görə, rəsmi statistikada günbəgün yoluxmanın azalması, sağalanların çoxalması faktdır: “Amma evdə müalicə alanların sayını bilmirik. İndi karantin rejimi nisbətən yumşaldıldı, amma sonra nə olacağını söyləmək çətindir. İnsanlar məsuliyyətli olmalıdırlar.

Xüsusən də ictimai nəqliyyatda özlərini qorumalıdırlar. O baxımdan bizim üçün izah edilmir ki, xaricdən həkimlərin gəlməsi nə ilə əlaqədardır – təcrübə mübadiləsidir, yoxsa vəziyyət yaxşı deyil…”

3