Daxili işlər orqanlarının əməkdaşları tərəfindən ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi dövründə “Covid-19” virusunun yayılması hallarının qarşısının alınması istiqamətində bir sıra tədbirlər həyata keçirilib, vətəndaşlar tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena qaydalarının pozulması hallarına yol verilməməsi ciddi nəzarətdə saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən HİT.Az-a verilən məlumata görə, TƏBİB-dən daxil olmuş məlumatlara dərhal reaksiya verilməklə zəruri tədbirlər görülüb, “Covid-19” virusuna yoluxmuş və ev şəraitində müalicə olunan şəxslərin müəyyən edilmiş qaydalara riayət etmələri, öz hərəkətləri ilə digər şəxslərin yoluxmasına təhlükə yaratmamaları diqqət mərkəzində saxlanılıb.
Təkcə cari ilin iyul ayı ərzində paytaxtın Binəqədi, Səbail, Sabunçu, Xətai, həmçinin Sumqayıt, Mingəçevir, Cəlilabad, Yevlax, Göyçay şəhər və rayon polis orqanları tərəfindən görülmüş tədbirlər nəticəsində koronavirus infeksiyasına yoluxmuş və ev şəraitində müalicə olunan 10 nəfərin mənzillərini tərk edərək küçəyə çıxmaları və digər şəxslərin sağlamlığını təhlükə qarşısında qoymaları müəyyən olunub.
Görülmüş tədbirlərlə həmin şəxslər dərhal təcrid edilmiş və xüsusi karantin rejimi qaydalarını pozmaqla virusun yayılmasına real təhlükə yaratdıqlarına görə barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanıb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.