Bakı Nəqliyyat Agentliyi “İctimai Nəqliyyatın İntellektual İdarəedilməsi” sistemi üçün 12 (on iki) aylıq texniki dəstək xidməti üzrə elan etdiyi tenderin qalibi məlum olub.
Hit.Az xəbər verir ki, tenderin qalibi “Smartech System” MMC olub.
BNA texniki dəstək xidmətinin göstərilməsi üçün “Smartech System” MMC ilə 2 milyon 166 min 480 manatlıq müqavilə bağlayıb.
Bakı Nəqliyyat Agentliyi (BNA) avqustun 4-də İctimai Nəqliyyatın İntellektual İdarəetmə Sisteminə (İNİİS) texniki dəstək xidmətləri göstərmək üçün müqavilə imzalayıb.
Turan agentliyinin yaydığı məlumata görə, məlumatların təhlili göstərir ki, seçilmiş xidmət təminatçısının Bakı şəhər ictimai nəqliyyat tənzimləyicisinin rəhbəri ilə müəyyən bağlılığı var.
Vergi borcu olan şirkət necə tender qalibi oldu?
BNA-nın keçirdiyi daha bir tenderin qalibi isə "ARIS” MMC olub.
Hit.Az yeniavaz-a istinadla xəbər verir ki, “ARIS” MMC BNA-nın sifarişi əsasında “İnformasiya və kommunikasiya texnologiyaları üzrə 12 (on iki) aylıq texniki xidmət” həyata keçirəcək.
Qeyd olunan xidmətlərin həyata keçirilməsi üçün BNA “ARİS” MMC-yə 828 min 360 manat ödəyəcək.
Məlumat üçün bildirək ki, “ARİS” MMC 19.03.2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayanu, Hüseyn Cavid pr, ev 87A, m 757-də yerləşir. Qanuni təmsilçisi Haqverdiyev Ruslan Rüstəm oğlu olan “ARİS” MMC daha əvvəl də BNA-nın keçirdiyi tender müsabiqəsində qalib olub. BNA bu ilin fevral ayında “ARİS” MMC ilə 220 min 248,89 manat dəyərində müqavilə imzalayıb. “ARİS” MMC BNA üçün “Personal kompyuter, server, şəbəkə, telefoniya infrastrukturu və avtobuslarda ödəniş sistemlərinin yenidənqurulması və aylıq texniki xidmətləri” göstərəcək.
Bundan başqa mətbuatda yer alan məlumatlardan (təkzib olunmayıb) belə görünür ki, BNA 2019-cu ildə “ARİS” MMC ilə 2 müqavilə imzalayıb. Bildirilir ki, hər iki müqavilə satınalma proseduru keçirilmədən "ARIS" MMC-yə verilib. 1 milyon 201,8 min manat dəyərində olan birinci müqavilə foto və video qeydiyyatı aparan xüsusi aşkarlama cihazlarının satın alınmasını və quraşdırılmasını nəzərdə tutur. İkinci müqavilə çərçivəsində şirkət BNA-yə bu sistemin fəaliyyətini təmin etmək üçün serverlər və informasiya texnologiyaları avadanlıqları təqdim edəcək. İkinci müqavilənin dəyəri 1 milyon 595,4 min manat olub.
Məlumat üçün qeyd edək ki, “ARIS” MMC-nin dövlət büdcəsinə 68 min 836,62 manat vergi borcu var.
Onu da bildirək ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə mümkün deyil.