Yasamal qəbristanlığını zibilxanaya çevirirlər? (FOTO)

ÖLKƏ
11:43 / 10.05.2020
2171

Mətbuata müraciət edən bir qrup Yasamal rayonu sakini Yasamal qəbristanlığına kütləvi halda məişət və tikinti tullantılarının tökülməsindən şikayət ediblər. Sakinlər bu işin rayon bələdiyyəsinin sədrinin razılığı və göstərişi əsasında həyata keçirildiyini qeyd edirlər:

“Doğmalarımızın dəfn olunduğu Yasamal rayonunun Şərifzadə küçəsindəki 1 saylı Dağüstü qəbristanlığına neçə müddətdir Yasamal bələdiyyəsinin tapşırığı ilə yüz maşından artıq məişət və tikinti tullantıları daşınıb tökülür və bu cinayətkarlıq hazırda da davam etməkdədir. Bələdiyyə sədrinin bu addımı qəbristanlıqdakı əzizlərimizin ruhuna ən böyük təhqir, eləcə də ölkədə sosial gərginlik yaratmağa, narazıların sayını artırmağa hesablanmış ən iyrənc milli satqınlıqdır. Hazırda insanlar arasında çox ciddi gərginlik yaşanmaqdadır.”

Sakinlər qeyd edirlər ki, dəfələrlə müvafiq orqanlara və KİV-lərə müraciət etmələrinə baxmayaraq, bələdiyyə sədrinin və icra başçısının qanunsuz əməllərinə son qoyulmur: “Bələdiyyə sədrinin bu çirkin əməlləri barədə çox orqanlara müraciətlər ünvanlamışıq, nüfuzlu saytlar da bu nadanlığı dəfələrlə ictimailəşdirib. Əlavə edək ki, “Xəzər” TV bu ilin mart ayının 2-də mövcud vəziyyəti işıqlandırıb. Lakin heç bir müsbət nəticəyə nail ola bilməmişik. Bələdiyyə sədri heç kimi saymır və ötən ilin dekabr ayında keçirilən bələdiyyə seçkilərində xalqın dəstəyini əldə edə bilmədiyindən dolayısı yolla xalqdan intiqam alır. Qeyd etmək yerinə düşər ki, Yasamal rayonunun icra başçısı da onunla əlbir, dilbirdirlər.

Qəbristanlığın darvazasında dayanan bələdiyyə nümayəndəsi tullantı gətirən hər avtomaşından 10 manat alıb maşını məzarlığa buraxır.

Nazirlər Kabineti öz qərarı ilə qəbristanlıqlara nəzarəti bir vəzifə olaraq ona görə bələdiyyələrə tapşırmışdı ki, bələdiyyə orqanları bu müqəddəs məkanı abadlaşdırsın, su çəksin, yol çəksin, məzarlar qorunsun. Amma Yasamal bələdiyyəsi bunun əksinə olaraq neçə müddətdir qəbristanlığa zibil tökdürür. Qəbristanlığa gedən yol xarabalığı xatırladır, burada bir damcı su tapılmır, sakinlər xüsusi qablarda su daşıyıb qəbir ətrafına əkilən gül çiçəklərə qulluq edirlər.”

Şikayətçilər “ATV” kanalına da bu barədə şikayət ünvanladıqlarını, lakin telekanalın bu problemi işıqlandırmaq istəmədiyini xüsusi vurğulayırlar: “Telekanal dar gündə xalqın səsinə səs, harayına haray verməlidir. Bütün bunlara istinadən qəbristanlıqda baş alıb gedən eybəcərlikləri video görüntülər və 28 nəfərin imzası ilə ATV-yə göndərdik və işıqlandırılmasını xahiş etdik. Lakin telekanal bu günə qədər susur, öz vəzifəsini icra etmir...”

Sakinlər sonda “AzPolitika.info” vasitəsilə ölkə başçısına üz tutaraq, bu problemin həllini, Yasamal bələdiyyəsinin və icra hakimiyyəti orqanının yol verdiyi bu məsuliyyətsiz və milli, dini adətlərimizə zidd olan əməllərinə son qoyulmasını xahiş edirlər.

0
Azpolitika.info