Rüşvətxorların yüksək çinli havadarları - Prezident kimlərə MESAJ VERDİ...

SİYASƏT
13:40 / 17.05.2020
2105

Prezident İlham Əliyevin son vaxtlar rüşvət və korrupsuyaya bulaşmış məmurlara yönəlik verdiyi mesajlar müxtəlif yollarla rəhbər vəzifələrə soxulmuş həmin şəxslərlə mübarizənin sərt və amansız olacağını göstərir.

“Mən bunu bir neçə dəfə demişəm ki, xoşagəlməz hallara, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə amansız olacaq. Bugünkü mənzərə bunu göstərir. Artıq beş icra hakimiyyəti başçısı həbs olunub və bütün o videomateriallar, ondan sonra istintaq materialları göz qabağındadır...

...Tutulan o beş icra hakimiyyəti başçısının beşi də çirkin əməllərlə məşğul olub...”.

Dövlət başçısı mayın 13-də etdiyi çıxışı zamanı aztəmiantlı insanlara ayrılmış yardımların mənimsəniləsini vicdansızlıq və qatı cinayət adlandırıb.

“...gözləri doymur. Bu, bir xəstəlikdir və bu xəstəliyin müalicəsi artıq işə salınıb. Mən bir neçə dəfə xəbərdarlıq etmişəm, açıq demişəm ki, əgər əyri yoldan düz yola dönməsəniz, sonunuz pis olacaq, cəza tədbirləri tətbiq ediləcək”.

İlham Əliyev rüşvətxor məmurlara havadarlıq edən yüksək vəzifəli şəxslərə də mesaj verib:

“Bəziləri hesab edirdilər ki, kimsə onlara kömək göstərəcək, onların havadarları, onlara uzun illər ərzində dəstək verən yüksək vəzifəli şəxslər. Mən demişəm ki, bu, olmayacaq.

...Hər addım cinayət, hər addım rüşvət. Buna son qoyulacaq! Heç kimdə şübhə olmasın! Bizim iradəmiz möhkəmdir, heç kim bizim iradəmizə təsir edə bilməz. Xalq da cinayətkarları, rüşvətxorları, gözü doymayanları yox, bizi dəstəkləyir. Mən bu dəstəyi hər gün hiss edirəm”.

Prezident açıq şəkildə bildrib ki, xoşagəlməz hallar təkcə yerli icra orqanlarında deyil, mərkəzi icra orqanlarında – nazirliklərdə, dövlət komitələrində də var:

“...siqnallar var, məlumatlar daxil olub. Demişdim, xəbərdarlıq etmişdim, əl çəkin bu işlərdən, əl çəkin! Hesab edirdilər ki, bunlara aid deyil. İndi isə bunun acı nəticələrini yaşayırlar”.

Prezident sonuncu xəbərdarlığında məmurları dürüstlük və şəffaflığa çağırıb:

“...ədalət hər bir dövlət məmurunun iş prinsipi olmalıdır. İş prinsipi bu olmalıdır, rüşvət yox, yalan yox, talançılıq yox, saxtakarlıq yox, vicdansızlıq yox! Dürüstlük, şəffaflıq, xalqa xidmət, ədalət – budur, prinsiplər! Bir daha deyirəm, əgər kimsə hələ də hesab edir ki, kimsə onlara kömək edəcək, səhv edir. Tutulan dövlət məmurlarının acı həyatını yaşamaq istəmirlərsə, düz yola qayıtsınlar”.

İlham Əliyevin sözlərinə görə, artıq tapşırıq verilib ki, vəzifəli şəxslərin fəaliyyətinin səmərəliliyi və buraxılan nöqsanlar ilə bağlı təhlillər aparılsın..

Hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, sabiq deputat, eks-icra başçısı Musa Musayevin fikrincə, xoşa gəlməyən halların baş verməsinin əsas səbəbkarları keçmiş kommunistlərin və komsomolçuların sırasından, eləcə də başqa partiyalardan hakimiyyətə transfer olunmuş kadrlardır:

“1987-1993 -cü illərdə bizlər Heydər Əliyevin müdafiəsinə qalxanda bu insanlar başqa respublikalarda və başqa qurumlarda qaçıb gizlənmişdilər. Bu tip adamlar fürsətdən istifadə edərək, iqtidarda təmsil olunan bəzi vəzifə sahiblərinin köməkliyi və dəstəyi ilə hakimiyyətin yuxarı eşalonunda özlərinə yer eləmiş və məqsədli şəkildə Heydər Əliyevçilərə, YAP-ı yaradanlara qarşı gizli mübarizə apararaq, öz arzu və istəklərinə çatıblar”.

Musa Musayev deyir ki, 1987-1993 -cü illər ərzində Heydər Əliyevi müdafiə edənlər, 1992-ci ilin aprelində "Yaş senzi mitinqləri”nin təşkilatçıları, 1992-ci ilin oktyabrında Heydər Əliyevə müraciət edən 91 nəfər ziyalı, 1992-ci ilin noyabrında YAP-ı yaradanlar, 1994-cü ilin oktyabrında dövlət çevrilişinin qarşısının alınmasında sinəsini qabağa verənlər, 1995-ci ilin martında ikinci dövlət çevrilişinin qarşısının alınmasında fəal iştirak edənlər yavaş-yavaş vəzifələrdən uzaqlaşdırılıblar:


“Ulu öndərə, cənab Prezidentimiz İlham Əliyevə sadiq və sədaqətli insanlar barədə yanlış, qərəzli məlumatlar verib, onların hakim komandadan, YAP-nın Siyasi Şurasından və rəhbər struklardan uzaqlaşdırılmasına nail oldular. Nəticələr isə göz qabağındadır! Mən inanıram ki, yaxın zamanda bəzi məsələlər aydınlıq gətiriləcək, bəzi qərəzli və satqın vəzifəli şəxslərin, o cümlədən YAP-nın rəhbər struklarında özlərinə yuva qurmuş əqidəsiz və mövqesiz adamlar ifşa ediləcək, öz layiqli cəzalarını alacaqlar! İslahatlar dalğası Prezident Adminstrasiyasında, YAP-da və digər qurumlarda davamlı olmalıdır! Hər bir bir cinayətkar və rüşvətxor öz cəzasını almalıdır, bunu bütün Azerbaycan xalqı tələb edir. Azərbaycan xalqı cənab Prezidentin arxasındadır, əgər lazım gələrsə, Onun və Dövlətimizin müstəqilliyi yolunda şəhid olmağa hazırıq!”.
 

0
Modern.az