Dünyada baş verən siyasi-iqtisadi proseslər, eyni zamanda koronavirusla bağlı yaranan böhran özünü birjalarda da biruzə verir. Birjalarda hazırda əsas diqqət qızıla yönəlib. Belə ki, son bir ayda bu qiymətli metal 12,6% və yaxud 228 dollar bahalaşıb. Bu gün isə rekordunu təzələyərək 2060 dollar hədlərində dəyişir. Bəs, baş verən bu dəyişiklik Azərbaycanda necə hiss ediləcək?
“Moskva Univermağı açılsa, qızılın qramı dərhal 5-6 manat bahalaşacaq”
Bakıda ən böyük qızıl ticarəti mərkəzi olan Moskva Univermağı bağlıdır. Bununla belə, qızıl satıcıları internet üzərindən sosial şəbəkələr vasitəsilə satışlar həyata keçirir. Satıcıların bildirdiyinə görə, univermaq yenidən açıldığı halda qızılın xeyli bahalaşacağı gözlənilir.
Qızıl satıcısı Fərid Səttarov “MediaPost”a bildirib ki, qiymət artımı hər gün baş verir. 585 əyarlı qızılın qramı əvvəl topdan satışda 75 manata təklif edilirdisə, dünən bu rəqəm 80 manata yüksəlib. Əsas artım isə Türkiyə ilə sərhədlərin açılması və Moskva univermağının açılmasından sonra hiss ediləcək. Bir-iki həftə ərzində qızılın qramı 5-6 manat bahalaşacaq. O qeyd edib ki, əsas bahalaşma Türkiyədən gətirilən zinət əşyalarında olacaq: “Azərbaycana Rusiya, Dubay, İtaliya qızılından daha çox Türkiyədən zinət əşyaları gətirilir. Ona görə də əsas qiymət artımı bu qızıllarda gözlənilir”.
“Böhran şəraitində qızıl investorların güvənli limanına çevrilir”
İqtisadçı-ekspert Natiq Cəfərli “MediaPost”a açıqlamasında qızılın bahalaşmasını dünyada baş verən proseslərlə əlaqələndirib: “İqtisadi böhranlar, təlatümlər yaşanan zaman qlobal iqtisadi kiçilmə baş verir. Dünya iqtisadiyyatı bu il 8% civarında kiçiləcək”. Belə vəziyyətlərdə isə yatırımçıların güvənli liman kimi gördüyü istiqamət qızıl olur. Qızılın qiymətinin qalxmasının əsas səbəbi bununla bağlıdır. Yatırımçıların bir qismi öz əllərində olan vəsaiti qızıla çevirməyə üstünlük verirlər. Tələbatın artması isə bahalaşmaya səbəb olur.
Ekspert qeyd edib ki, yatırım aləti kimi tələbat yüksək olsa da, əslində fiziki olaraq qızıla tələbat azdır: ”Ən çox qızıl istehlak edən ölkələr Türkiyə və Hindistan idi. Bu ölkələrdə isə fiziki tələbatın yarandığı toy mərasimləri bu gün də qadağandır. Ona görə də, fiziki yatırım artmayıb”.
“Azərbaycanda toylara icazə verilsə, qızıl 10% bahalaşacaq”
N.Cəfərli bahalaşmanın Azərbaycandan da yan keçməyəcəyini deyib. Bununla belə, o qeyd edib ki, dünya bazarındakı bahalaşma ilə Azərbaycandakı bahalaşma paralel getmir. Azərbaycanda qızılın alıcılıq qabiliyyəti önə çıxır. Çünki bazarda olan qızılın əksər hissəsi öncədən ucuz alınmış qızıllardır: “Bizdə vətəndaşların bir hissəsi vəsaitlərini yatırım aləti olaraq zinət əşyalarında saxlayırlar. Məsələn, qızıl üzük, bilərzik alırlar. Yəni, fiziki olaraq alıcılıq qabiliyyəti və tələbat var”.
Ekspert Azərbaycana qızılın əsasən Türkiyə və Dubaydan gətirildiyini vurğulayaraq bu ölkələrdəki qiymət artımının manatla ifadəsində ölkəmizdə də hiss ediləcəyini deyir. Əsas bahalaşma isə Azərbaycanda toyların keçirilməsinə icazə verilməsindən sonra olacaq: “Toylara icazə verildikdən sonra, tələbatın yüksəlməsi qızılı daha da bahalaşdıracaq. Qızılın qramı 10% hədlərində bahalaşacaq”.
“Neft Fondu qızılın bahalaşması fonunda itkilərini kompensasiya edəcək”
Ekspert Azərbaycanın qızılda olan yatırımları ilə bağlı məsələyə də aydınlıq gətirib. O bildirib ki, hazırda Dövlət Neft Fondunun 30 ton civarında qızılda yatırımı var. Qızılın bahalaşması Fondun bu istiqamətdə aktivlərini artıracaq. Amma dolların indeksinin düşməsi, digər valyutalar qarşısında ucuzlaşması, dollarda saxlanılan vəsaitin ümumi valyuta səbətinə qarşı dəyər itirməsi Fondun itkilərini artırır. Qızılın dəyər qazanması isə bu itkiləri kompensasiya edəcək.
“Qızılın bahalaşması strateji valyuta ehtiyatlarını artıracaq”
İqtisadçı-ekspet Samir Əliyev də “MediaPost”a açıqlamasında Azərbaycanda qızıl qiymətindəki artımın iki istiqamətdə təsirinin olacağını deyib: “2011-ci ildə qızıl 2000 dollara yaxınlaşsa da, bu baryeri keçə bilməmişdi. Hazırda isə qızılın unsiyası 2000 dolları keçib. Bahalaşmanın əsas təsirlərindən biri Azərbaycanın valyuta ehtiyatları ilə bağlıdır. Son illərdə Dövlət Neft Fondu qızıl alışını əhəmiyyətli dərəcədə artırıb. Dünya bazarında bahalaşma Fondun aktivlərinin artmasına dəstək verir. Bu da ümumilikdə, Azərbaycanın strateji valyuta ehtiyatlarını artırır”.
“Bahalaşma yeni mallar gətiriləndən sonra hiss ediləcək”
İkinci təsir istiqaməti isə zinət əşyalarıdır. S.Əliyev deyib ki, pandemiya ilə əlaqədar son dövrlər qızıla tələbatın azalması fonunda bahalaşma özünü çox da biruzə verməyib. Amma karantin qaydaları yumlaşdıqca, xüsusilə də, toyların keçirilməsinə icazə verilsə, bir müddətdən sonra qızılın qiymətinin artması müşahidə ediləcək: “İlin əvvəlindən xam qızılın qiymətində 20%-lik artımını nəzərə alsaq, zinət əşyalarında 10% civarında artım gözləniləndir. Bahalaşma yeni mallar bazara daxil olduqdan sonra hiss olunacaq”.
Bütün sadalananlar onu deməyə əsas verir ki, Azərbaycanda qızılın qiymətində artım davam edəcək. Özəlliklə də, bu artım toy mərasimlərinin keçirilməsinə icazə verildikdən sonra daha kəskin hiss ediləcək.