Azərbaycan Respublikası Gənclər və İdman Naziri Azad Rəhimovun müvafiq əmri ilə İrzaquluyev Anar Əhəd oğlu Qobustan Gənclər Evinin direktoru təyin olunub.
ANN.Az-ın verdiyi xəbərə görə, Anar İrzaquluyev 2016-cı ilin oktybr ayından bu təyinata qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi xidmətində baş əmək müfəttişi vəzifəsində çalışıb.
A.İrzaquluyev 1989-cu il 14 sentyabrda Bakıda anadan olub. 1996-2007-ci illərdə Nəsimi rayonu 42 saylı tam orta məktəbdə təhsil alıb. Ali təhsilini 2007-2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində alıb.
A.İrzaquluyev həm ictimai fəaliyyətə, həm də ilk əmək fəaliyyətinə təhsil aldığı Azərbaycan Dövlət İqtisad Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini olaraq başlayıb. Universitet illərində “İRƏLİ” İctimai Birliyində aktiv fəaliyyət göstərib, YAP Gənclər Birliyinin müxtəlif layihələrində çalışıb, daha sonra Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının qurulması prosesində yaxından iştirak edib və ittifaq yarandıqdan sonra iqtisadiyyat departamentinin rəhbəri kimi fəaliyyət göstərib.
2011-2012-ci illərdə Xüsusi Dövlət Mühafizə Xidmətinin nəznində Milli Qvardiya sıralarında hərbi xidmətdə olub. 2013-2015-ci illərə “Transservis” MMC’də gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis olaraq Bakı və İstabul şəhərlərində çalışıb. A.İrzaquluyev yüzdən çox sosial layihə və kampaniyada iştirakçı, təlimçi və təşkilatçı kimi təmsil olunub. Əməyin mühafizəsi, əməyin təhlükəsizliyi, əmək şəraiti və digər mövzularda keçirilən elmi konfrans və seminarlarda məruzəçi kimi çıxış edib. Yeni Azərbaycan Partiyasının üzvüdür, 2019-cu ilin may ayından etibarən Binəqədi rayonu ilk ərazi təşkilatına rəhbərlik edir. Ailəlidir, 1 övladı var.
Qeyd edək ki, Qobustan Gənclər Evinin ümumi sahəsi 1102 kv metrdir və 1 may 2013-cü ildən fəaliyyət göstərir. Bu sosial xidmət müəssəsi Qobustanda olan 13 min 300 gənclə vətənpərvərlik tərbiyəsi, sağlam həyat tərzinin təbliği, ictimai həyatda iştirak, məşğulluq, asudə vaxtın səmərəli təşkili və yaradıcılıq istiqamətləri üzrə iş aparır. Qobustan Gənclər Evində internet kafe, atıcılıq klubu, 3D kino zalı, rəsm, rəqs studiyaları və kompyuter kursu mövcuddur.
5 avqust 2020-ci il tarixində Anar İrzaquluyev Qobustan Gənclər Evi kollektivinə təqdim edilib və vəzifə səlahiyyətlərinin icrasına başlayıb.