"Livanın paytaxtı Beyrutda yerləşən və "Palmali Şirkətlər Qrupu"na məxsus Kapitan Nəğdəliyev gəmisinə həbs qoyulub, həmin gəmidə girov olaraq saxlanılırıq. Mayın 12-dən buradayıq, heç bir yerə çıxa bilmərik".
HİT.Az xəbər verir ki, bu sözləri AZXEBER.COM-a açıqlamasında "Palmali Şirkətlər Qrupu"na məxsus Kapitan Nağdəliyev gəmisində baş köməkçi kimi çalışan Emin Abışov deyib.
O deyib ki, may ayının 12-dən etibarən Livana gəliblər və gəmini tərk edə bilmirlər:
"Bizim sənədlərimizi əlimizdən alıblar və heyəti girov saxlayıblar. Buna səbəb isə "Palmali Şirkətlər Qrupu"nun Estoniyanın bunker kampaniyasına borcu olmasıdır. Məhkəmə qərarı ilə həmin gəmiyə həbs qoyublar. Buna görə də gəmidə 10 azərbaycanlı və 2 rusiyalı şəxs girov kimi saxlanılır. Bundan başqa ötən gün məlumat əldə etmişik ki, şirkətin Hollandiyanın bir bankına 70 milyondan çox borcu var. İtaliyada da analoji vəziyyət yaranıb. Oradakı gəmilərdən birinə də içindəki heyətlə birlikdə həbs qoyulub. Xahiş edirəm ki, bizə kömək edəsiniz".
Emin Abışov deyib ki, Livanın paytaxtında Beyrut şəhərində limanda baş verən partlayışda xəsarət alıb : "Həmin partlayış bizim limanının yaxınlığında baş verdi. Həmin ərazi ilə aramızda 700 metr məsafə var. Bizi sadəcə olaraq Allah qorudu, yüngül xəsarət aldıq. Yanımızda olan bütün gəmilərdə ölü var".
E.Abışovun sözlərinə görə, gəmiyə həbs qoyulduqdan sonra gəmidəki bütün işçilərin pasportları əllərindən alınıb: "Bizim pasportları əlimizdən aldılar. Hər gün gəminin burada qalması əlavə 1700 dollar kirayə haqqıdır. Ümumilikdə, gəminin 250 min yanacağa borcu var. Bizə - işçilərə isə 250 minə yaxın maaş borcu yığılıb".
O aidiyyatı qurumlara müraciət edib: "Bizimlə səfirliyin əməkdaşları gəlib bizimlə maraqlanır, onlardan şikayətimiz yoxdur. Amma faktıdr ki, burada hamımız girov qalmışıq. Dövlət rəsmilərimizdən bizi xilas etmələrini xahiş edirik. Bizim aqibətimiz "Palmali"dəkilərin vecinə deyil. Mən 1 ildən çoxdur ki, maaş almıram. "Palmali"nin mənə 50 min manatdan çox borcu var. Mən sadəcə pulumu alıb, evimə getmək istəyirəm. Xahiş edirəm ki, səsimizi aidiyyatı qurumlara çatdırın və bizə yardım edin".
"Palmali Şirkətlər Qrupu"ndan AZXEBER.COM-a bildirib ki, məsələdən xəbərdardırlar:
"Bəli, həqiqətən də belə problemlərimiz var. May ayından gəmimiz o limandadadır. Maddi problemləri aradan qaldırmağa çalışdığımız dönəmdə bu partlayış da problemlərimizi daha da artırdı. Ancaq "gəmi atılıb", "heç kim maraqlanmır" kimi səsləndirilən ifadələr həqiqətə uyğun deyil. Çünki onlarla maraqlanır, yeməklə təmin olunmasında birbaşa özümüz iştirak edirik. Bu dəqiqə maddi sıxıntılarımız var, bu da son zamanlar baş verən hadisələrlə bağlıdır. İndiki rəhbərlik çətinliyi aradan qaldırmağa çalışır. Ancaq bütün gəmilərimizlə əlaqə saxlayırıq, olan problemləri aradan qaldırmağa çalışırıq.
Kapitan Nağdəliyev gəmisindən çəkilmiş özəl videonu təqdim edirik: