“AZAL”ın  menyusuna: Naxçıvanın təcrübəsini niyə tətbiq etmirsiniz?

İQTİSADİYYAT
16:00 / 07.08.2020
1730

Hərdən əlimdə olan arxivi vərəqləyir, müəyyən materialları gözdən keçirirəm.

Bu günlərdə də elə həmin arxivimdə maraqlı məsələyə rast gəldim. Bir vaxtlar diqqətimdən qaçan bu mövzuya toxunmaq istəyirəm.

Haqqında danışacağım təşkilat son illər daim gündəmdə olub, məlum pandemiya dönəmində isə yenə də aktuallaşıb. Söhbət "AZAL"-dan, yəni "Azərbaycan Hava Yolları"ndan gedir... Yeri gəlmişkən "AZAL" ingilis dilində "Azerbaijan Airlines"-in abreviaturasıdır, Azərbaycan dilində, doğma ana və dövlət dilimizdə "AHY" kimi yazılmalıdır.

Gələk mətləbə. İlk olaraq qeyd edim ki, "AHY" QSC tam olaraq dövlət konserni olduğu üçün dövlət tərəfindən böyük subsidiyalar alır. Elə bu barədə cənab prezident İlham Əliyevdən bir sitatı xatırlatmaq istəyirəm: "Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır...".

Təbii ki, Azərbaycanımızın iqtisadi cəhətdən inkişafı bizləri və vətənimizi özlərinə dost və qardaş hesab edənləri çox sevindirir. Dünya dövlətləri içində günü-gündən nüfuzunu artıran dövlətimizin hər uğuru bizi sevindirməyə bilməz. "AHY" tarixinə qısa nəzər salaq. Azərbaycanda sərnişin daşımalarının həyata keçirilməsi üçün aerovağzal binası ilk dəfə 1933-cü ildə yaradılıb. Bakı aeroportunun ərazisində ilk ikimərtəbəli aerovağzal binası 1965-ci ildə tikilib istismara verilib. Daha sonra keçmiş SSRİ məkanında o dövrün çox müasir yeni aerovağzal kompleksinin layihəsi hazırlandı. 1980-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tikintisi başlandı. Lakin o vaxtkı rəhbərlərin etinasız yanaşması nəticəsində yarımçıq qaldı. Aerovağzal kompleksinin beynəlxalq standartlar səviyyəsində yenidən qurulması və istismara verilməsi məhz ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə döndükdən sonra - 1999-cu ildə baş tutdu.

2004-cü ildə beynəlxalq standartlara cavab verən Naxçıvan Beynəlxalq Hava Limanı işə düşdü. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində 2006-2008-ci illərdə bir-birinin ardınca Gəncə, Zaqatala və Lənkəranda hava limanları istismara verildi. Qəbələ və Yevlaxda anoloji komplekslər inşa olundu. Bütün bunlar dövlətin bu sahəni daim diqqətdə saxlamasının əsas göstəricisidir.

2011-ci il martın 17-də Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan və müasir standartlara cavab verən, gözəlliyi ilə göz oxşayan Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin qısa bir müddətdə istismara verilməsi əlamətdar hadisə idi. Müasir tipli "Boeing", "Airbus", "Embraer" kimi laynerlərin alınması AHY- nı nəinki regionda, eyni zamanda MDB məkanında liderlərdən birinə çevirdi.

Hava nəqliyyatının inkişafına dövlətin böyük investisiyalar qoyması bu sahənin Azərbaycanda prioritet məsələlərdən biri olduğunu bir daha sübut edir.

2018-ci il mayın 7-də Bakı Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanlarının auditi sahəsində ən nüfuzlu "Skytrax World Airport Awards"-un maksimal "5 Ulduz" statusuna layiq görülməsi məni qürurlandırdı. Qeyd edim ki, bütün dünya üzrə bu yüksək statusa cəmi 8 aeroport layiq görülmüşdü. Vətənini sevən bir insan üçün bundan fəxarətli nə ola bilərdi?!

Bəli, "AHY"-nın tarixi inkişafı və bugünkü nailiyyətləri birbaşa dövlət tərəfindən göstərilən qayğının nəticəsində əldə edilib.

"AHY" böyük strateji əhəmiyyətli sahə olduğu kimi çox böyük daxili təsərrüfat-infrakstruktura malikdir. Bu böyük təsərrüfatın daxilində nizam-intizamı, normal fəaliyyətin tənzimlənməsi məsuliyyəti isə birbaşa "AHY" rəhbərliyinin səlahiyyətindədir.

Gəlin bir az da "AHY" rəhbərliyinin səlahiyyəti daxilində görülən bəzi işlərə nəzər salaq.

Nizam- intizamdan başlayaq. İlk olaraq qeyd edim ki, bir çox sahələrdə dünyanın inkişaf etmiş ölkələrinin nailiyyətləri öyrənilir və həmin nailiyyətlərin respublikamıza uyğunlaşması nəzərdən keçirilir və daha optimal məsələlər öyrənilir, tətbiq edilir. Bu barədə mütəmadi olaraq cənab Prezident öz çıxışlarında qeyd edir ki, bu da çox təqdirəlayiq bir strateji xətdir. İndi sual olunur ki, elə respublikamızda hansısa sahədə əldə edilən uğur niyə anoloji olaraq həmin sahənin digər yerləşməsində tətbiq edilmir? Ümumiyyətlə qeyd edəcəyim məsələ o qədər də, qəliz məsələ deyil. Yetər ki istək olsun. Məsələn Naxçıvan aerovağzalında insanlar hava limanının binasını tam sərbəst və maneəsiz tərk edir. Xüsusi ayrılmış sahədə taksi sürücüləri xüsusi geyim formasında tam səliqəli-səhmanlı şəkildə heç kəsə müdaxilə etmədən öz müştərilərini gözləyir. Bakı hava limanında bu xidmət mədəniyyəti hələ də yaradılmayıb. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında sərnişin yükünü götürüb çıxış üçün əsas sahəyə daxil olarkən birinci səni taksi sürücülərinin sıxlığı qarşılayır. Sual:" Nəyə görə paytaxt Bakının Heydər Əliyev adına Beynəlxalq Hava Limanında hələ də Naxçıvan Beynəlxalq Hava Limanında yaradılan konkret bu nizam-intizam yaradılmır? Onun təcrübəsi tətbiq edilmir?"

Bakıda hava limanında "daimi dislokasiya" edilmiş tanınmış taksi şirkətinin taksometrləri şəhər istiqamətində gediş haqqını nədən normalda yazdığı gediş haqqından fərqli yazır? Təyyarələrdə normalda xüsusi salafan qablaşmada olması tələb edilsə də, birdəfəlik istifadə üçün nəzərdə tutulan qaşıq-stəkan qablaşdırılmamış, açıq şəkildə paylanılır?

Böyük əksəriyyətimizə bəllidir ki, bir sıra stuardessa və aerokassalarda işləyənlər dövlət dilini bilmir və ya dövlət dilində danışmaq istəmir. Sual, niyə?!

Mən bir sıra keçmiş xronikalarda rəhmətlik ümummilli lider Heydər Əliyevi xarici səfərlərdə, təmasda olduğu müxtəlif görüşlərdə Azərbaycanın xəritəsi önündə auditoriyaya Azərbaycan həqiqətlərini göstərdiyini görəndə düşünürəm ki, "AHY" səlahiyyət sahibləri görəsən niyə bundan ibrət götürmür . Niyə hər bir vasitədən istifadə edərək Vətən tarixini, Qarabağ savaşını və s. məsələləri Azərbaycana gələn qonaqlara elə təyyarələrdəcə qısa da olsa, reklam çarxları ilə bütün reyslərdə mütəmadi versinlər? Nədən hava limanının içində mağaza və kafelərlə bərabər Azərbaycanın dərdi olan Qarabağ həqiqətlərini, erməni təcavüzünü, BMT nin Ermənistanın qeyd -şərtsiz işğal altında olan torpaqlardan çıxarılması haqqında dörd məlum qətnaməsi və onun bu günə qədər icra edilməməsi haqqında və s. müxtəlif dillərdə təqdim edəcək müasir formada kiçik elektron lövhə yaradılmır?

Axı günü gündən inkişaf etməkdə olan Vətənimizə saysız-hesabsız əcnəbi insanlar gəlir.

Azərbaycanda dövlət səviyyəsində nağdsız qaydada alış-verişə önəm verildiyi halda əksər istiqamətdə uçduğum təyyarələrdə alış-veriş yalnız nağd qaydada aparılır. Niyə?! Yerdəki qayda, qanun, dövlətin strateji xətlərindən olan nəğdsiz əməliyyatların aparılması yoxsa göydə keçərli deyil?

Göy demişkən, posterminalsız əməliyyat aparan müasir hava alverçilərinin təklif etdiyi məhsullara göydəki qiymətlə yerdəki qiymətin sözün əsl mənasında yerlə-göy qədər fərqi var. Səbəb?

Dünyaya neft satdığımız halda bizdən alınan yanacaqla təyyarələri uçan dövlətlərdən daha bahalı olan bilet qiymətləri də göz qabağında.

Zamanında Azərbaycandan ucuz -sərfəli qiymətə uçan xarici şirkət təyyarələri bizə "uyğun" olmadığı üçün fəaliyyətlərini dayandırdılar. Səbəbi hələ də məlum deyil. İndi insanlarımızın böyük əksəriyyəti Azərbaycandan uzun yol qət etməklə dünyaya Gürcüstan üzərindən uçur. O, şəraiti yaradan kimdir?

Olmazdı ki, həmin avioşirkətlər məsələn Gəncədən uçardı, Gürcüstan əhalisi bizə axın edib bizdən dünyaya açılardı? Bizim insanlar Bakıdan min kilometrə yaxın, min bir əziyyətlə Gürcüstanın əyalətinə yol qət edib, valyuta xərcləyib, oranın iqtisadiyyatının inkişafına xidmət etməkdənsə olmazdı ki, özümüzə xaricilərin cəlb edilməsi və regionumuzun birbaşa inkişafına xidmət edək?

Məlum pandemiya səbəbindən avioreyslərin təxirə salındığı bir dönəmdə, Türkün qeyrət qalası olan Naxçıvan tam blokada halına düşdü. Yaxşı, indi avioreyslərin tədricən bərpası vaxtı da yenə də nizamlı qaydada işin təşkilini bacarmadınız. Biletləri sərbəst qaydada onlayn satışa buraxdınız. Təbii ki, bu addım kökündən yalnış idi. Belə ki, məsələn, Naxçıvanda əskər yanına gedib orda çarəsiz qalan, övladına baş çəkmək üçün Bakıya gəlib buradada çarəsiz qalan, hüzrə gedib Naxçıvanda qalan və s. (bu siyahını dart ki dartasan) çarəsiz insanlar müəyyən edilməli, qeydiyyatı aparılmalı və öncə o insanlara bilet satılmalı idi.

Bu nəinki lazımi işin tələb edilən səviyyədə qurulmamasıydı, eyni zamanda blokada şəraitində yaşayan Naxçıvan əhalisinə qarşı laqeyd davranış idi.

Bu sualları artırmaq olar. Zənnimcə bu sahədə ciddi islahatlara ehtiyac var. "AHY"-də bu sadalanan problemlər həll olunarsa dövlətimizin xeyrinə olar və vətəndaşlarımızın gediş- gəlişinə rahat xidmət edər.

Bir sözlə, gəlin VƏTƏNİMİZƏ VƏTƏNdaşı olmağı bacaraq!

 

CAVİD İSMAYIL

Turan Araşdırma İB-nin sədr müavini

0