Azərbaycanda 3 məşhur brendin sahibi olan şirkət müflis elan edilir.
HİT.Az Banker.az-a istinadən xəbər verir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Rafael Cəfərov 10C ünvanda yerləşən “M.Ş.” məhdud məsuliyyətli cəmiyyətinin müflis elan olunması barədə cəmiyyətin təsisçisi tərəfindən qərar qəbul olunmuş, “cəmiyyətin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur.
İddia tələbi üzrə baxış iclası 05.08.2020-ci il tarixdə saat 10:00-da keçirilmiş, mülki iş baxışa təyin edilmişdir. Məhkəmə baxışının iclası 21.08.2020-ci il tarixdə saat 10:00-da Bakı Kommersiya Məhkəməsinin binasında (AZ-1040, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi) hakim Fərrux Qasımovun sədrliyi ilə keçiriləcəkdir.
Bildirək ki, məşhur “Dalğa”,”Balıqçı” və “Yelkən” brendlərinin sahibi “M.Ş” MMC-dir. Müəssisə balıq istehsalı və satışı ilə məşğuldur. “Dalğa” – ilk milli balıq brendidir. İstehsal ənənəvi üsulla aparılır və məhsullar alman avadanlıqları ilə qablaşdırılır.
“M.Ş.” Tam Ortaqlı Şirkəti 18 sentyabr 2000-ci ildə dövlət qeydiyyatından keçib, 2009-cu ildə MMC statusu alıb. “M.Ş.” MMC-nin nizamnamə kapitalı 1000 manatdır və qanuni təmsilçisi Məlik Məmmədov Rəfail oğludur.
Onu da qeyd edək ki, 2017-ci ildə isə şirkət 10 milyon manata satışa çıxarılmışdır.