“Mənim bir neçə tanışım müvafiq yoxlamadan keçərək Türkiyəyə-Bodruma, Antalyaya istirahətə gediblər. Yeri gəlmişkən orada vəziyyət heç də ürəkaçan deyil. İnsanlara xaricə kurort yerlərini getməyə icazə verildiyi halda rayonlara gediş gəlişə qoyulan məhdudiyyətlər absurddur”.
HİT.Az “MediaPost”a istinadla xəbər verir ki, bunu həkim-nevroloq Qalib Əsədov deyib. Onun sözlərinə görə, insanlar rayona gedib təbiət qoynunda dincəlsələr, virusa yoluxma ehtimalı da azalar:
“Nə qədər kəndlərinə, rayona həsrət yaşlı insan var, nə qədər rayonlarda xəstələr var. Hansı ki bu qadağaya görə əziyyət çəkirlər. Onsuz da rayona gedən insanlar təbiətin qoynunda istirahət etmək istəyir, bir yerə toplaşmır, vaxtının çoxunu həyət-bacasında keçirir. Rayonlarda çox sayda xroniki xəstələr var ki, vaxtaşırı mayinəyə gəlməlidirlər. Onlar isə göndəriş almaqla bağlı ciddi problemlər yaşayırlar.
Rayonlara gediş-gəlişin məhdudlaşdırılması tezliklə aradan qaldırılmalıdır. İnsanlar məzuniyyət götürüb istirahət etsələr, həm qışa daha hazırlıqlı olarlar, həm də Bakının yükü, sıxlığı azalar və virusa yoluxmaq ehtimalı azalar”.