"Yoluxmaların sayında azalma var. Lakin növbəti payız aylarında pik hədd və mövsümi qriplər olacaq".
HİT.Az xəbər verir ki, bu fikirləri Qazet.az-a açıqlamasında TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva səsləndirib.
Rəvanə Əliyeva bildirib ki, son brifinqdə də qeyd edildiyi kimi koronavirusa yoluxanların sayında xeyli azalma olsa da, bütün dünyada olduğu kimi Azərbaycanda da bir sıra qabaqlayıcı tədbirlər görülməkdədir.
"Payız aylarında pik hədd və mövsümi qriplər olacaq. Bunu Yaqut xanım da vurğulayıb. Orada da deyildi ki, biz hazırlıq görürük. Çarpayı sayımızı artırırıq. İstənilən halda, Azərbaycanda virus itməyib. Dünyada da vəziyyət eynidir. Bir dönəm çox xəstə oldu və yüngül simptomlu xəstələr evdə müalicə edildi. Əlavə çarpayı fondunun olması zərərli deyil. İstəyirik ki, daha yaxşı xidmət göstərək", - deyə Rəvanə Əliyeva qeyd edib.
Belə olduğu təqdirdə sərt karantin rejiminin yenidən sərtləşdirilməsi gözlənilirmi?
Mövcud gedişat hazırda yumşaldılmanın olması üçün şərait yaratsa da, payız ayları üçün bunu demək tezdir. Mütəxəssislər də bildirir ki, yenidən koronavirusa yoluxanların sayında artım olacağı təqdirdə sərt karantin rejimi tətbiq edilə bilər. Belə olacağı təqdirdə SMS icazə sistemi yenidən aktivləşə və bir çox iş yerləri fəaliyyətlərini müvəqqəti dayandıra bilər.
Qeyd edək ki, sərt karantin rejiminin tətbiq edilməsi yalnız Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından asılı ola bilər.