Pentaqonu quran, Hiroşima və Naqasakini viran qoyan general - FOTO

DÜNYA
07:00 / 08.08.2020
1630

Atom bombasına "can verən" "Manhetten layihəsi": 125 min insan, 2 milyardlıq büdcə... 

İnsanlıq tarixinin ən böyük faciələrindən olan Hiroşima və Naqasaki bombardmanından 75 il ötür. II Dünya müharibəsini daha tez qurtarmağı hədəfləyən ABŞ 1945-ci il avqustun 6-da Yaponiyanın Hiroşima, üç gün sonra isə Naqasaki şəhərinə atom bombası atmışdı. Nəticədə bu iki şəhərdə böyük əksəriyyəti mülki vətəndaşlardan ibarət olan 214 min insan həlak olmuş, 160 min insan isə yaralanmış və radioaktiv şüalanmaya məruz qalmışdı.

"MediaPost" xəbər verir ki, Birləşmiş Ştatlarda nüvə silahının necə yaradıldığı çoxlarına məlumdur. Lakin eyni şeyi "Manhetten Layihəsi" adı ilə tanınan nüvə silahları proqramının hərbi rəhbəri general Lesli Riçard Qrovs haqqında demək olmaz. Məhz bu şəxs atom bombasını ərsəyə gətirən layihənin "baş memarı" hesab olunur.

YENİ RÜTBƏ, YENİ VƏZİFƏ!

Qrovs ixtisasca texnoloq idi. Massaçusets Texnologiya İnstitutunda təhsil almış və yalnız bundan sonra hərbi sahəyə yönəlmişdi. ABŞ-dakı "West Point" hərbi akademiyasını başa vuran Qrovs Birinci Dünya savaşından sonra mühəndis qüvvələrində xidmət etmiş, Pentaqonun inşasına rəhbərlik edənlərdən biri olmuşdu.

1942-ci ildə polkovnik Lesli Qrovs rəhbərliyə çağırılır. Ona yeni bir silahın hazırlanmasını nəzərdə tutan layihəyə rəhbər təyin edildiyi və briqada generalı rütbəsi verildiyi açıqlanır. Qrovs eşitdiklərindən o qədər məmnun qalmır. Əmrləri qeyd-şərtsiz yerinə yetirməyə öyrəşməyən intizamsız mülkilərlə, həmçinin öz kaprizləri olan intelligentlərlə işləmək ona görə deyildi. Lakin Baş Qərargahdan deyirlər ki, tapşırığı icra etsə, ABŞ bu müharibənin qalibi olacaq. Bunu eşidən Qrovsun cavabı qısa olur: "Oldu!". Və böyük şövq və canfəşanlıqla işə başlayır...

MƏXFİ OBYEKTLƏR

"Manhetten layihəsi"nin icrası üçün ilkin mərhələdə ayrılmış vəsaiti general elə ilk həftədəcə xərcləyib bitirir. Yeri gəlmişkən, nüvə silahının yaradılması proqramına "Manhetten layihəsi" kod adını elə Qrovs özü vermişdi. 

General əvvəlcə belçikalıların 1940-cı ildə almanların hücumundan ehtiyat edərək Konqodan Amerikaya göndərdiyi 2 min çən uran oksidi, bunun ardınca da Tennessi ştatında ("Klinç-river"in sahilində) 240 kv. kilometrlik nəhəng torpaq sahəsi alır. Uranın zənginləşdirilməsi ilə məşğul olan gizli istehsal kompleksi "obyekt X" məhz burada yerləşirdi. Hiroşimaya atılan "Balaca" adlı atom bombası üçün nəzərdə tutulan uran da burada işlənib hazırlanmışdı.

Lesli Qrovs ölkənin hər yerindən torpaq sahələri alır və həmin sahələrdə gizli obyektləri tikənlər və digər əməkdaşlar üçün evlər tikdirirdi. Bu məqsədlə subpodratçılar axtarır, lazımi materialları sifariş verirdi. 

General bütün bunları nəzarətdə saxlamaq üçün inzibati aparat da qurmuşdu. Elm və hərbi texnologiyanın bu yeni və tam öyrənilməyən sahəsinə yüzmilyonlarla dollar xərclənirdi. O vaxt hələ heç kimə tam aydın deyildi ki, bombanı yaratmaq mümkün olacaq, ya yox. 

KÖLGƏDƏ QALAN "ÜÇÜNCÜ REYX" 

Bir-birinin ardınca laboratoriyalar, fabriklər, sınaq kompleksləri tikilirdi. Texnoloji proseslər hələ inkişaf etməmişdi deyə, tikinti zamanı planları tez-tez dəyişmək lazım gəlirdi. Layihənin hədəfinə çatması üçün lazımi qədər vəsait ayrılırdı. Əsas tələb isə o idi ki, hər şey mümkün qədər tez olsun. 

Nasist Almaniyasından qaçıb ABŞ-a sığınan fiziklər "Üçüncü Reyx"də dəhşətli nüvə silahlarının yaradılması üzərində iş getdiyini xəbər verəndən sonra amerikalılar başa düşdülər ki, Hitleri geridə qoymalıdırlar. Yeri gəlmişkən, mütəxəssislər deyir ki, həmin vaxt ictimai rəydə əksi iddia olunsa da, əslində almanlar heç vaxt atom bombası yaratmağa yaxın olmayıblar. Onlar "Manhetten Layihəsi"nə heç cür yetişə bilmirdilər. 

Hətta Nobel mükafatı laureatı Enriko Ferminin 1942-ci ildə Çikaqoda əldə etdiyi nailiyyəti (nüvə reaksiyasına nəzarət üsullları) belə, təkrarlaya bilməmişdilər. Almanların nəzəri hesablamaları səhv idi. Üstəlik, amerikalılardan və ingilislərdən fərqli olaraq Hitler bu sahənin maliyyələşdirilməsində səxavətli davranmadı. Bundan başqa, müttəfiqlərin hücumu və bombardmanı almanları daim improvizə etməyə məcbur qoymuşdu.

KÖK GENERAL, ARIQ FİZİK 

Qayıdaq Lesli Qrovsa. Generalın xarici görünüşü də diqqətçəkən idi. 180 sm-lik boyu, arasına bəyazlar düşmüş qəhvəyi saçları, qalın bığları və mavi gözləri vardı. Lakin çəkisi həddən artıq çox idi. Onun mundirləri xüsusi sifarişlə hazırlanırdı. Çünki bədən ölçülərinə uyğun olanını tapa bilmirdilər. 

Qrovsun ofisdəki seyfində gizli sənədlər və tapança ilə yanaşı, çoxlu konfet, şokolad və qoz-fındıq olurdu. Şirniyyatı həddən artıq sevirdi. Hərbi lider kimi isə olduqca sərt, etiraza dözümsüz, özündən əmin və çox iddialı idi...

General "Manhetten Layihəsi"nin tədqiqat direktoru postuna da özü kimi iddialı birini seçdi. Bu təyinat çoxlarının təəccübünə səbəb olmuşdu. Qrovs bu məsuliyyətli vəzifəni Robert Oppenqeymerə həvalə etmişdi. Əks-kəşfiyyat dəhşətə gəlmişdi: bu adama necə etibar etmək olardı?!

KƏŞFİYYATI ŞÜBHƏYƏ SALAN PROFESSOR

Kaliforniya Universitetinin professoru olan Oppenqeymer kəşfiyyatın gözündə şübhəli biri idi. Professor Marksın əsərlərini oxuyur, solçu dairələrdə gözə dəyirdi. Eyni zamanda, həyat yoldaşı, qardaşı, qardaşının arvadı Kommunist Partiyasının üzvləri idi. Bütün bunlar azmış kimi, Oppenqeymer həm də psixiatrın nəzarəti altında idi, çox siqaret çəkirdi, olduqca arıq idi və mədə ağrılarından əziyyət çəkirdi...

Elm adamları da heyrət içində idilər. "İlk növbədə texniki problemləri həllə etməli və sınaqlar aparmalı olduğumuz halda, nəzəriyyəçi bir fiziki işin başına necə qoya bilərsiniz?", - deyə etiraz edirdilər. Bundan başqa, Nobel mükafatı laureatı olmayan bir alimin ən yüksək vəzifəyə təyin edilməsi onlara olduqca qəribə gəlirdi.

Lakin Qrovs doğru seçim etmişdi. Fizika üzrə elmi işlərinin layiq olduğu qiyməti almamasından qəzəbli olan Oppenqeymer yeni vəzifəsində olduqca ambisiyalı idi. Professor dövrün ən yaxşı fiziklərini, riyaziyyatçılarını, kimyaçılarını, hərbi texniklərini, partlayıcı maddələr üzrə mütəxəssislərini tapıb layihəyə cəlb etmişdi. Eyni zamanda ətrafına çox sayda mühaciri - nasist Almaniyasından qaçan yəhudiləri toplamışdı. 

Onları tapmaq, ucqar bir yerdə ailələri ilə birgə aylarla və ya illərlə yaşamağa, eləcə də qapalı obyektdə (Los-Alamosda) işləməyə razı salmaq heç də asan olmamışdı. Bu yerlər insanlardan o qədər uzaq idi ki, ən yaxın şəhərə çatmaq üçün 60 kilometr məsafə qət etmək lazım idi. 

ATOM GƏLƏCƏK, SAVAŞ BİTƏCƏK...

"Manhetten Layihəsi"ndə 125 mindən çox insan iştirak edirdi. Layihə 2 milyard dollara başa gəlmişdi ki, bu, günümüzdə belə, astronomik məbləğ hesab olunur. 16 iyul 1945-ci ildə səhər saat 5.30-da Los-Alamosdan üç yüz kilometr cənubda - səhrada plutonium bombasının ilk sınaqları keçirildi. Partlayışdan sonra zabitlərdən biri Qrovsa tərəf dönüb dedi: "Müharibə bitdi!". O, Yaponiya ilə savaşı nəzərdə tuturdu. 

Generalın cavabı özünü gözlətmədi: "Bəli! Amma o vaxt bitəcək ki, biz Yaponiyaya iki bomba atacağıq". 

Avqustun 6-da səhər saat 8.15-də Hiroşimaya on min metr yüksəklikdən atılan “Balaca” adlı 20 kiloton trotil ekvivalentinə bərabər atom bombası 600 metr hündürlükdə partlamışdı. Bomba 130 mindən çox insanın ölümünə, yüzminlərlə insanın şikəst qalmasına səbəb olmuşdu. Partlayışın episentrindən 4 kilometr aralıda başlamış yanğınlar saatlarla davam etmiş, şəhəri viran qoymuşdu. Şəhərdəki 90 min binadan üçdə ikisi tamamilə məhv olmuşdu.

Üç gün sonra - avqustun 9-da saat 11.02-də Naqasakiyə atılan atom bombası isə 70 minədək insanın ölümü ilə nəticələnmişdi. Bu hadisədən sonra Yaponiya heç bir şərt irəli sürmədən təslim olmuşdu. Hadisədən on il sonra avqustun 6-da Hiroşimada atom və hidrogen silahlarının ləğvinə dair ilk konfrans keçirilmiş, 1985-ci ildə isə Sakit okeanın cənub hissəsi nüvəsiz zona elan edilmişdi.

Maraqlı məqamlardan biri də odur ki, general Qrovs Hiroşima ilə yanaşı, Yaponiyanın qədim paytaxtı Kiotoya da atom bombası atmağı təklif etmişdi. Onun bu seçimində mədəniyyət və tarix heç bir rol oynamırdı. Sadəcə Qrovs Kioto əhalisinin milyona yaxın olmasını və şəhərin ərazisinin böyüklüyünü əsas götürmüşdü. Və hesab edirdi ki, bu şəhərə atılan bombanın effekti daha böyük olacaq. 

Lakin Kioto ilə bağlı təklifdən imtina edildi. Əks halda, heç şübhəsiz ki, 1945-ci ilin 6 və 9 avqust tarixlərində daha böyük insan tələfatı yaşanacaqdı...

 

Tərcümə "MediaPost"a məxsusdur

0