Azərbaycanda ərzaq qıtlığı ola bilərmi?

ÖLKƏ
09:11 / 08.08.2020
810

Məlum olduğu kimi, Operativ Qərargahın qərarı ilə avqustun 5-dən sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi yumşalmalar tətbiq edildi. Xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsi ilə tərk etmək sistemi ləğv olundu, karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində ölkə üzrə çimərliklərin istifadəsinə icazə verildi.

Bəs karantin rejiminin yumşaldılması ölkədə işsizlik probleminə nə dərəcədə müsbət təsir göstərəcək? Dünya ölkələrinin iqtisadiyyatının kiçilməsi fonunda Azərbaycanda ərzaq qıtlığı təhlükəsi varmı?

Məsələ ilə bağlı iqtisadçı Rəşad Həsənov “Yeni Müsavat”a danışıb: “Doğrudur, qeyd edildiyi kimi, bir neçə gün öncə sərt karantin rejimində müəyyən yumşalmalar oldu. Amma bu yumşalmalar iqtisadi aktivliyə təsir göstərəcək səviyyədə deyil. Yəni hələ də turizm sektorunun ayrı-ayrı fəaliyyət sahələri, iaşə sektoru, bir sıra iqtisadiyyat istiqamətləri üzrə pərakəndə ticarət sahələrinin fəaliyyəti məhdudlaşdırılıb. Bunlarla bağlı hər hansı yumşalma qərarları qəbul edilməyib. Bu səbəbdən SMS icazənin ləğv edilməsi müəyyən dərəcədə fərdi şəkildə tikinti işləri ilə məşğul olan insanların fəaliyyətinə şərait yaradıb.

Beləliklə, ölkə iqtisadiyyatının aktivliyini artırmaq üçün karantin rejimində bir sıra başqa yumşalmalar tətbiq edilməlidir. Ötən illə müqayisədə bu ilin iyun ayında iaşə sektorunda 4,3 dəfə kiçilmə qeydə alınıb. Lakin qeyd etdiyim rəsmi statistikadır. Qeyri-rəsmi statistikada isə bu zərər 10-15 dəfə çoxdur. Məlum olduğu kimi, iaşə sektorunda gizli dövriyyə geniş yayılıb və rəsmi statistika bunu özündə əks etdirə bilmir. Turizm sahələrində isə 48 faiz kiçilmə qeydə alınıb. Regionlara gediş-gəliş qadağası olduğu üçün daxili turizm də fəaliyyətdə deyil".

İqtisadçı hesab edir ki, bütün bunların aradan qaldırılması üçün daha təkmil mexanizmlərin düşünülüb, işlənilməsinə ehtiyac var: “Həm dünya ölkələri, həm də Azərbaycan müəyyən qədər pandemiya ilə yaşamağı öyrənməlidir. İaşə obyektlərinin hər hansı formada fəaliyyətlərinə şərait yaratmaq lazımdır. Əlbəttə ki, karantin qaydaları digər dünya ölkələrində olduğu kimi, Azərbaycanda da istehsal prosesinə neqativ təsir göstərir.

Bu da öz növbəsində müəyyən risklər yaradır. Artıq dünya bazarında bir sıra məhsulların qiymətində artım baş verib. Bu, əlbəttə ki, təbii prosesdir. Tələb təklifi üstələyib, təklif müəyyən qədər azalıb".

Rəşad Həsənov qeyd etdi ki, Azərbaycanda da çox böyük qiymət artımlarının olması gözlənilmir: “Ona görə ki, bu istiqamətdə də əhalinin alıcılıq gücünün azalmasının yaratdığı bir təzyiq var. Beləliklə, ölkədə zəruri məhsulların qiymətində qismən artım müşahidə edilsə də, digər xidmət sahələrində qiymətlərin ucuzlaşması indiki şərtlər daxilində orta inflyasiya səviyyəsini tarazlamağa kömək edə bilər”.

Ekspert ölkədə ərzaq qıtlığı təhlükəsi ilə bağlı məsələyə də toxunub: “Azərbaycanda ərzaq qıtlığı təhlükəsi əsasən iki istiqamətdən qaynaqlanır. Birincisi, dünya səviyyəsində istehsalın aşağı düşməsi nəticəsində məhsullara tələbatın azalması və idxalın əvvəlki səviyyədə təmin edə bilməməsi, təmin etdikdə daha baha qiymətlərə olması, bunun nəticəsində ailə büdcələrinin bu məhsulları istehlak etmə imkanlarının məhdudlaşması. İkincisi isə, bildiyiniz kimi, Azərbaycanda quraqlıq müşahidə olunur və nəticədə bu il ölkədə məhsul istehsalında azalma ilə müşahidə olunacaq. Bu azalma da bazarlarda qıtlıq təhlükəsi yarada bilər”.

0