“Qarabağdan qaçıb gəlmisiniz, hamınız əla yaşayırsınız” deyənləri boğmaq istəyirəm” – Murad Arif

ÖLKƏ
20:15 / 08.08.2020
1211

“Ağdamın mərkəzində, Məşədi Abbas küçəsində babamdan qalma böyük bir imarət vardı... Babamı da köhnə ağdamlılar “5 kişinin biri” kimi tanıyır. Hətta, Arif Babayev kimin nəvəsi olduğumu biləndə, rəhmətliyə böyük rəğbətini söyləmişdi. İmarət də ki, nə imarət. Ger-geniş, iki mərtəbə, hündür tavanlı.. Həyətində göydələn boyda qoz ağacları...”.

HİT.Az xəbər verir ki, bu sözləri bəstəkar-müğənni Murad Arif sosial şəbəkədə yazıb. O, Qarabağ hadisələri haqda xatirələrini izləyiciləri ilə bölüşüb:

“Bülbüllər susmadan oxuyurdu. Səhərlər məsciddən gələn azan səsi. Qaymaq satan xalanın bağırtısı...

Hələ o zoğal, nar, xurma, alma, fındıq ağacları. Suyu kəhrizdən, şəffaf, şirin. Nənəm tibb işçisi, xalam isə şəhərdə hörmətli həkim idi. Həkimin evinə xüsusi paylar gələrdi. Pəh! O yaşayış, o lüks... Çexoslovakiya, QDR, Moskvadan gələn çilçıraqlar, bahalı geyimlər, avadanlıqlar, “fransuzski duxu”lar, qət-təzə televizor, soyuducu, hər mərtəbədə mətbəx, hamam qovşağı, zal, 4-5 yataq otağı. O təmir, mebel, səliqə-səhman, cah-cəlal. O şərait qaldı erməniyə...

Ardınca Sumqayıt, “obşitel”, darısqal bir otaq, ümumi mətbəx, ehtiyac, payoklar, quru süd, quru yumurta tozu, teksun yağları, xəstəliklər, xərçəng. İndiyə qədər “brezent” ( toxuma parça üzərinə şam örtməsi ilə edilən kətan növü – red.) paketlər, karton yeşiklər görən kimi, nənəmin, xalamın Sumqayıtdakı evimizə yığdığı əşyaları xatırlayıram. Allah hər ikisinə rəhmət eləsin.

Hərdən “Qaçıb gəlmisiniz, qoyub gəlmisiniz, hamınız əla yaşayırsınız” deyənləri əlimlə boğmaq istəyirəm. O insanların yaşadığı məhrumiyyətləri görmək lazım idi. Bu, sadəcə müflis olmaq deyildi. Bu, Vətənsiz qalmaq, həyatı sıfırlamaq, uşağının üzünə baxa bilməmək, qürurun sınması, hər gün lağlağı, tənə və qınaq obyekti olmaq, sabahsız qalmaq idi... Bu, hər gecə yuxuda o günlərə, məhəlləndəki toylara, iş yoldaşlarına, əsir düşmüş qohumlarına, hələ sağ olan cavan qardaşına, oğluna qayıtmaq, yuxudan oyanıb, göynəyə-göynəyə ağlamaq idi. Təsəvvür edin, hər gecə yuxuda firavan həyata qayıdıb, hər səhər oyananda məskunlaşdığın çadırlara, məktəb zallarına, siçovullu otaqlara qayıtmaq! Elə bilirsiniz hamı fərasətli idi? Hamı toparlana bilirdi? Dağ boyda kişilərin beli bükülmüşdü. Bir mağar adamın yeməyini bişirməyə adət etmiş qoçaq anaların, gəlinlərin hər gün qazan dibinə yapışıb qalan qarğıdalı unundan horra bişirmək məcburiyyətini təsəvvür edin. Adaxlısından, sözlüsündən uzaq düşən neçə-neçə qızların həyatını təsəvvür edin. Öz rayonundakı məktəbindən, adət etdiyi məktəb yolundan, ləhcəsindən, dostlarından, xoşbəxt uşaqlığından qovulmuş balaları təsəvvür edin. Evimin içinin dərdidir bu köç”.

0
Mediapost.az