Qəbələ rayon İcra Hakimiyyəti həmişəki kimi bu dəfə də dövlət sifarişlərini Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yaxın adamının şirkətinə həvalə edib.
Hit.Az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli feysbuk səhifəsində yazıb.
"İcra Hakimiyyətinin Qəbələ şəhər Ərazi Nümayəndəliyinin 3 lot üzrə elan etdiyi tenderlərin "qalibi" "QƏBƏLƏ İNŞAAT" Məhdud Məsuliyyətli Cəmiyyəti elan olunub.
Sözügedən şirkət 2018-ci ilin aprelində qeydiyyata alınıb, qanuni təmsilçisi Fövqalada Hallar Nazirliyinin Şimal Qərb Regional Mərkəzinin rəis müavini Babayev Ceyhun Fizuli oğlunun qardaşı CAVİD BABAYEV FİZULİ oğludur. Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev vaxtilə həmin mərkəzdə işləyib.
Beləliklə, Qəbələdə Mənzil fonduna aid yaşayış binalarının küçə, səki, park, xiyabanların əsaslı təmiri adı altında dövlət büdcəsindən 848.838,08 manat FHN komandası tərəfindən "xərclənəcək"".
Xatırladaq ki, Səbuhi Abdullayev 2010-cu ilin mart ayında Qəbələ rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Səbuhi Abdullayev bioqrafiyası gizli olan məmurlardan hesab edilir.
Digər İcra Hakimiyyəti başçılarından fərqli olaraq Səbuhi Abdullayevin bioqrafiyası barədə Qəbələ rayon İcra Hakimiyyətinin rəsmi saytında heç bir məlumat verilmir.