Polisdən çimərlikdə karantin qaydalarını pozanlara qarşı reyd - FOTO/VİDEO

ÖLKƏ
18:38 / 08.08.2020
1272

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları Daxili Qoşunların hərbi qulluqçuları və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri ilə birgə şəhər ərazisində yerləşən çimərliklərdə operativ qərargah tərəfindən elan edilmiş tələb və tövsiyələrə əməl olunmasına ciddi nəzarəti həyata keçirirlər.

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən mütəmadi olaraq çimərliklərdə reydlər keçirilir, istirahətə gələn vətəndaşlarla izahedici söhbətlər aparılır, onlara sosial məsafənin saxlanılmasının vacibliyi izah edilir.

Tədbir zamanı çimərliklərə üz tutuanların diqqətinə dəniz kənarında beş nəfərdən artıq toplaşmağın qadağan olunduğu çatdırılıb. Həmçinin, polislər dənizə istirahətə gələn vətəndaşlara çimərliklərdən istifadənin saat 8:00-dan 21:00-dək mümkün olduğunu bildiriblər.

Qeyd edək ki, tətbiq edilən bu qaydalara əməl etməyən, polis əməkdaşlarının haqlı iradlarını aradan qaldırmayan şəxslər çimərlik ərazisinə buraxılmır və onlar barəsində qanuni tədbir görülür.

Çimərliyə gələn vətəndaşların əksəriyyəti isə virusun yayılmasının qarşını almaq üçün qəbul edilən qərarlara hörmətlə yanaşır və polis əməkdaşlarının xidmətindən razı qaldıqlarını bildirirlər.

Sumqayıtda çimərlik ərazilərində avtomobillərin hərəkətini tənzimləmək və yol hərəkəti qaydalarına əməl olunmasına nəzarəti gücləndirmək üçün Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları da xidmətə cəlb olunublar.

Yol polisləri əsasən çimərliyə müştəri gətirən taksi sürücüləri ilə profilaktik söhbətlər apararaq, onlara nəqliyyat vasitələrində şəffaf arakəsmədən istifadə etmələrini, sərnişinləri isə arxa oturacaqlarda əyləşdirməyi bildiriblər.

0