"Qohumum intihar etmək istəyir" - Məleykə Abbaszadəyə müraciət

ÖLKƏ
17:41 / 11.08.2020
1459

“Onu da nəzərinizə çatdırım ki, təkrar imtahan olmayacağını eşidən qohumum intihar etmək istəyir”.

Bunu yazar Nicat Həşimzadə "Facebook" hesabında paylaşıb. O, ailəsi koronavirusa yoluxan abituriyentlərin qəbul imtahanlarından kənarlaşdırılması ilə bağlı DİM sədri Məleykə Abbaszadəyə müraciət ünvanlayıb. 

Müraciətdə bildirilir:

"Hörmətli Məleykə xanım, bir neçə dəqiqə öncə Dövlət İmtahan Mərkəzinə zəng etdim, mənə bildirdilər ki, virusa yoluxan abituriyentlər üçün təkrar imtahan keçirilməyəcək. Axı bu qərar virusa yoluxan gənci daha da ölümə sürükləməkdir. Axı siz özünüz də mətbuat konfransında dəfələrlə demisiniz ki, Azərbaycan gəncliyi Azərbaycanın gələcəyidir. Ancaq indi belə məlum olur ki, siz belə ədalətsiz qərarla virusa yoluxan gəncləri daha da ağır depressiv hallara salaraq ölümə sürükləyirsiz. Budurmu, Azərbaycan gəncliyinə göstərilən qayğı?

Mənim yaxın qohumumun bütün ailəsi xəstəliyə yoluxub. Atası 40 gün ərzində Rusiyada iki dəfə ağır ürək əməliyyatı keçirib. Anasının bir gözü görmür, əlildir. Siz axı niyə belə ədalətsiz qərar verərək onsuz da bu cür ağır vəziyyətdə olan ailələrə daha da böyük zərbələr vurursunuz. Onu da nəzərinizə çatdırım ki, təkrar imtahan olmayacağını eşidən qohumum intihar etmək istəyir.
Siz məndən də yaxşı bilirsiniz ki, belə məqamlarda virusa yoluxan adamlara psixoloji dəstək olmaq lazımdır. Yaxın qohumum dəfələrlə tarix və coğrafiya fənləri üzrə məktəblər arası keçirilən olimpiadalarda yüksək yerlər tutub. İndi bu uşaq virusa yoluxub deyə imtahanda iştirak edə bilmir və siz də təkrar qəbul imtahanı təşkil etmək istəmirsiniz.

İndi belə məlum olur ki, bu uşaq imtahan vermədən hərbi xidmətə getməlidir. İnanıram ki, bu müraciətimə gözlənilən uğurlu cavabı verəcəksiniz. Əgər gözlədiyim cavab qısa zaman ərzində verilməsə, ölkə rəhbəri və birinci xanıma müraciət yazacağam. Xahiş edirəm, bu məsələni sağlam qaydada həll edəsiniz. Təşəkkür edirəm".

2
Mediapost.az