Ailəsinə 40 milyon dollar cibxərci verən prezident - FOTOLAR

DÜNYA
21:37 / 12.08.2020
1643

Britaniya kraliçasını geridə qoyur, heyvanlarının yeməyinə 1,5 milyon dollar xərcləyir 

Mərakeş kralı VI Məhəmməd 2,5 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı monarxlarından sayılır. Dövlət xəzinəsinin pullarını istədiyi kimi xərcləyən monarx dəbdəbə içində yaşayır. Deyilənlərə görə, ailəsinin təkcə illik cibxərci 40 milyon dollardır.  Kralın qarajında "Maybach", "Aston Martin", "Ferrari" kimi, onlarla lüks avtomobil var. Ağ qızıldan hazırlanmış, brilyant qaşlarla bəzədilmiş qol saatının dəyəri 1,2 milyon dollardır. O, saraylarının saxlanılmasına, bahalı restoranlara fantastik pullar xərcləyir, səyahətlərə 300 nəfərlik heyətlə yollanır.


"YIRTICI KRAL"

"MediaPost" xəbər verir ki, fransalı jurnalistlər Katrina Qrasye və Erik Loranın monarx haqqında qələmə aldığı "Yırtıcı kral" adlı kitabda VI Məhəmmədin dəbdəbəli həyatından və astronomik xərclərindən bəhs olunur. 

Müəlliflər yazır ki, Mərakeşin 5 milyondan artıq vətəndaşının gündəlik gəliri 1 dollardan aşağı olsa da, kral hər il müxtəlif ictimai fondlardan təkcə öz xərcləri üçün onmilyonlarla dollar alır. Bu pulu da öz zövq və istəklərinə xərcləyir: "Ən çox sevdiyi şeylərdən biri bahalı "oyuncaqlarının" (avtomobillərinin) yaxşı təmir edilməsidir. Məsələn, "Aston Martin"ini tüninq etdirmək üçün onu yük təyyarəsində Britaniyadakı istehsalçıya göndərmişdi. 

Kralın sərvəti 2,5 milyard dollar dəyərində qiymətləndirilir. İqtisadiyyatın bütün əsas sahələri onun əlində cəmləşib. O həm də ölkədəki əsas bankir, əsas sığortaçı, əsas ixracatçı və kənd təsərrüfatı məhsullarının əsas istehsalçısıdır”. 

İfşaedici məlumatların yer aldığı bu kitab Mərakeşdə sərt tənqidlərə tuş gəldi və satışına qadağa qoyuldu.


YOXSULLARIN PADŞAHI?

1999-cu ildə VI Məhəmmədin inauqurasiya mərasimi keçirilərkən onu əhaliyə "yoxsulların padşahı" kimi tanıtmışdılar. Belə ki, o, xalqa ölkə iqtisadiyyatında islahatlar aparacağını vəd etmişdi. Lakin sonradan bütün bunlar vəd olaraq qaldı. 

Kitabda monarxan həyatı ilə bağlı yer alan təfərrüatlar təəccüb və heyrət doğururdu. Məlum olurdu ki, kral il ərzində təkcə  heyvanlarının yeməyinə 1,5 milyon dollar xərcləyir. Hər il 3 milyon dollar isə öz geyimlərinə pul verir. Məsələn, onun Londondakı bir butikdən aldığı kaşmir paltonun qiyməti 55 min dollar idi.

Kral xarici səfərlərə 300 nəfərin müşayiəti ilə gedir. Onların arasında həm yaxınları, həm də çox sayda xidmətçi olur. Onlar üçün ayrıca təyyarələr sifariş olunur. Kralın təyyarəsi isə imkanları və lüks şəraiti ilə fərqlənir. Bu təyyarədə onun hətta şəxsi trenajor salonu da var.


12 SARAY, HAVAYA SOVRULAN MİLYONLAR 

Mərakeş kralının 12 sarayı var. Onlardan yalnız dördündən istifadə etsə də, yerdə qalanların hamısı hər an kralın qəfil gəlişinə hazır olmalıdır. Bütün rezidensiyalarda temperatur bayırda havanın necə olmasından asılı olmayaraq 17 dərəcədə saxlanılır. Bu malikanələrin gündəlik baxımına 1,5 milyon dollar xərclənir. 

"The Telegraph" yazır ki, monarxın özünün saxlanılması Mərakeş vergi ödəyicilərinə ildə 353 milyon dollara başa gəlir. Bu da Britaniya kraliçası II Yelizaveta üçün nəzərdə tutulan analoji xərclərdən 18 dəfə çoxdur.


Jurnalistlər yazır ki, kralın dəbdəbəyə olan sevgisi özünü hər şeydə göstərir: "Demək olar ki, hər səhər köməkçilərindən sarayın girişinə onlarla dəbdəbəli avtomobilin gətirilməsini tələb edir. Və sonra onların arasından birini seçir. Seçim etmək üçün həqiqətən də çox avtomobili var".

Mərakeşdəki "Royal Mansour" kralın və ətrafındakıların ən çox sevdiyi istirahət məkanlarındandır. Əvvəlcə buranın qapalı bir kral iqamətgahı olması planlaşdırılmışdı. Lakin sonra onu otelə çevirməyə qərar verdilər. 


HƏR QONAĞA 9 XİDMƏTÇİ

3,5 hektarlıq ərazidə 53 üçmərtəbəli villa yerləşir. Hər qonağa (adətən, kralın dostlarına) doqquz işçi xidmət göstərir. Qonaqların istirahətini tam təmin etmək üçün xidmət personalı çox gözə dəymir. Bunun üçün otelin ərazisində yeraltı tunellər sistemi qurulub.

Məkanın dəbdəbəli interyeri var - mərmər mozaika, əl işi olan xalçalar, hovuzlu və yumşaq oturacaqlı terraslar. Həyətdə fəvvarələr və ilk yağış damcılarında avtomatik örtülən, bir toxunuşla idarə olunan şüşə dam var.

Adətən, monarxın özü də, qonaqları da müxtəlif spa-prosedurlarda vaxt keçirir. Hamama, gözəllik və masaj salonlarına baş çəkirlər. Axşam saatlarında kral və dostları "Royal Mansour" ərazisində yerləşən restoranlardan birinə gedirlər. Bu restoranlarda Parisin elit müəssisələrinin baş aşpazları çalışır.


MİLYONLUQ SAAT 

2020-ci ilin yanvar ayında Mərakeşdəki kral iqamətgahlarından birində işləyən 46 yaşlı xadimə oğurluqda ittiham olunaraq həbs edilmişdi. O, hər birinin dəyəri ən azı 20 min dollar olan bir neçə qol saatının oğurlanmasında təqsirli bilinmiş və barəsində 15 illik həbs qərarı çıxarılmışdı. Sonradan oğurluq saatları qadından alanlar da aşkar edilmiş və hər biri 4 il həbs cəzasına məhkum edilmişdi. 

Bunlar VI Məhəmmədin hələ ən bahalı saatları deyildi. 2018-ci ilin sentyabr ayında onun qolunda dəyəri 1,2 milyon dollar olan "Patek Philippe" saatı gözə dəymişdi.


88 MİLYONLUQ YAXTA

Kral bahalı avtomobillərdən və brilyant saatlardan başqa, dəyərli rəsm əsərlərini və yaxtaları da sevir. O, ötən ilin sentyabrında hakimiyyətinin 20 illiyi şərəfinə özünə 70 metrlik "Badis 1" yaxtası almışdı. Yerli KİV-lərin məlumatına görə, əvvəllər bu yaxta milyarder Bill Dukerə məxsus olub. Duker yaxtanı Mərakeş hökmdarına 88 milyon avroya satıb. Bundan əvvəl isə kral 62 metrlik "El Boughaz" yaxtasını satın almışdı.

Monarxın şəxsi həyatı sirr kimi qorunur. 2002-ci ilin martına - evlənənə qədər 38 yaşlı kral yalnız səs-küylü məclislər və lüks avtomobillərlə maraqlanan bir "playboy" kimi tanınırdı. Deyilənlərə görə, 24 yaşlı İT mütəxəssisi Lalla Salma ilə görüş monarxı tamamən dəyişmişdi. Bu nikahdan cütlüyün bir oğlu və bir qızı dünyaya gəldi. Lakin Məhəmməd və Lalla Salma 16 illik ailə həyatından sonra ayrılmağa qərar verdi. 


NAĞIL KİMİ SEVGİ...

Toydan əvvəl danışırdılar ki, onların nağıl kimi sevgi hekayəsi olub. Ağıllı ailədən olan, lakin zadəgan doğulmayan bir qız padşahla evlənmişdi. Monarxın həyat yoldaşı olandan sonra Salma  kraliça titulunu almadı, ona şahzadə statusu verildi. Ziyafətdən əvvəl  Lalla Salma gələcək həyat yoldaşından söz almışdı - onun ilk və yeganə həyat yoldaşı olaraq qalmalıdır.

Şahzadə Salma Mərakeşin milli geyimlərini sevirdi. Eyni zamanda, onminlərlə dollara başa gələn Avropa kostyumlarını da satın alırdı. Nə geyinməyindən asılı olmayaraq, üzərində həmişə bahalı zinət əşyaları olurdu. Brilyant və zümrüddən ibarət böyük asma sırğalar, parlaq mavi tanzanitlər onun ən çox sevdiklərindən idi. Tez-tez aksesuar kimi inci və qızılla bəzədilmiş kəmərlər istifadə edirdi.


Cütlüyün 2018-ci ildə niyə ayrıldıqlarının səbəbi hələ də məlum deyil. Yaxın ətrafı kralın kaprizli və tez özündən çıxan xasiyyətindən şikayətlənir. Çox sayda köməkçisi və işçisi hələ də onun bu çətin xasiyyətinə duruş gətirməli olur.

Kral və keçmiş həyat yoldaşı normal münasibətlər qura bildilər. Lalla Salma Rabatda yaşayır və uşaqları ilə görüşmək üçün tez-tez kral iqamətgahına gedir...

0