Bakıda parkın ərazisində qanunsuz bina tikilir? - FOTO

ÖLKƏ
22:36 / 12.08.2020
1903

Bakının Xətai rayonunda salınan “Gənclik” parkının bir hissəsi tikinti şirkəti tərəfindən zəbt olunub.

Bu barədə Oxu.Az-ın redaksiyasına ərazidə yaşayan vətəndaşlar şikayət ünvanlayıb.

Bildirilib ki, parkın bir hissəsində abadlaşdırma işləri getdiyi halda, digər hissəsində sürətlə bina tikintisi işləri aparılır:

“Ərazidə artıq üç bünövrə qazılıb, dördüncüsü isə qazılır. Dördüncü bünövrə artıq ağaclara dirənib və onların kəsilməsi qaçılmazdır. Bildirilir ki, ərazidə altı çoxmərtəbəli bina tikiləcək, bunun üçün ağaclar kəsilməlidir.

Parkın ərazisi kiçilir. Halbuki həmin ərazini parka (dövlət fonduna) qaytarmaqla, yaşıllıq sahəni daha da artırmaq olar. Parkın qonşuluğunda bir divar kimi altı binanın tikilməsi hava axınına mane olacaq, ən azı iki il davam edəcək tikinti işləri parkda insanların istirahətinə imkan verməyəcək”.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

Qurumun İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov Oxu.Az-a açıqlamasında bildirib ki, adıçəkilən tikintinin getdiyi ərazinin “Gənclik” parkına aidiyyəti yoxdur:

“Aparılan işlər özəl mülkiyyət üçün ayrılmış torpaq sahəsində gedir. İşlər qanunvericiliyə uyğun olaraq aparılır.

Orada heç bir ağac, yaşıllıq zonası tikinti altına düşmür. Elə bir hal baş versə də, qanun çərçivəsində addımlar atılacaq. Narahatlığa heç bir səbəb yoxdur”.

 

0