Azərbaycanda insanlar ən çox hansı xəstəliklərdən ölür? - SİYAHI 

ÖLKƏ
18:52 / 13.08.2020
964

Azərbaycanda 2019-cu ildə ölüm səbəbləri üzrə statistika açıqlanıb.

HİT.Az-ın rəsmi statistik göstəricilərə istinadən verdiyi məlumata görə, ötən il ölkədə qan dövranı sisteminin xəstəliklərindən (ürək-damar xəstəlikləri) ölənlər daha çox olub.

Dövlət Statistika Komitəsinin bundan əvvəlki məlumatlarında bildirilirdi ki, ötən il ölkədə 55 916 ölüm faktı qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə 2018-ci illə müqayisədə, ölüm səviyyəsi 5,8-dən 5,6-ya düşüb.

2019-cu ildə Azərbaycanda 32 471 nəfər (2018-ci ildə bu rəqəm 33 909 təşkil edib) qan dövranı sistemi xəstəlikləri səbəbindən vəfat edib.

Ölkədə xəstəliklərdən ölümə səbəb olan ikinci amil isə yeni törəmələrlə (onkoloji xəstəliklər) bağlıdır. 2019-cu ildə yeni törəmələrdən ölənlər 8 819 nəfər olub. Bu, 2018-ci illə müqayisədə çoxdur. Belə ki, 2018-ci ildə eyni səbəbdən 8 718 ölüm faktı qeydə alınıb.

Ötən il travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən 2 789 nəfər ölüb.

Səbəblər üzrə ölümdə həzm sistemi xəstəlikləri dördüncü yerdədir. Bu xəstəliklər Azərbaycanda ötən il 2 687 nəfərin həyatına son qoyub.

Digər rubrikalarda təsnif olunmayan, klinik və laborator müayinələrlə aşkar edilən simptomlar, əlamətlər və normadan kənaraçıxmalardan ölüm halları isə 2018-ci illə müqayisədə çox olub. İki il əvvəl bu hal üzrə 1 598, ötən il isə 1 687 ölüm qeydə alınıb.

 

0