Avqustun 12-də Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə zəng edib. Prezidentin Mətbuat Xidmətinin yaydığı məlumata görə, İlham Əliyev Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat verib, İrəvanın növbəti təcavüzü nəticəsində Azərbaycanın hərbi qulluqçularının və bir mülki şəxsimizin həlak olduğunu vurğulayıb. İşğalçı Ermənistanın bu hücumunun əsas məqsədinin üçüncü tərəfləri münaqişəyə cəlb etmək olduğunu söyləyib.
Dövlət başçısı habelə sərhəddə toqquşmalar bitəndən sonra, iyulun 17-dən indiyədək Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya liderinin diqqətinə çatdırıb. Hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İranın hava məkanından istifadə edərək bu günədək Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu və telefon zənginin əsas məqsədinin də bu məsələnin aydınlaşdırılması olduğunu qeyd edib.
*****
Göründüyü kimi, Baklıdan edilən kritik zəngdə əsas məqsəd Rusiyanın təcavüzkar Ermənistanı durmadan silahlandırmasının Azərbaycanda yaratdığı haqlı narazılıq olub. Ötən saylarımızda yazdığımız kimi, bu silahlandırma Tovuz döyüşlərindən sonra da intensiv şəkildə davam edib. İrəvana çatdırılan silahlar arasında isə ən modern texnologiyalara əsaslanan hərbi sistemlər, o cümlədən PUA-lara qarşı mübarizə vasitələri də var - hansı ki, 2016-cı ilin aprel döyüşlərindən sonra işğalçı Ermənistanın “qorxulu röyası” sayılır.
Mətbuat xidmətinin məlumatında Azərbaycanın dövlət başçısının Putinlə söhbət zamanı Rusiya hərbi yüklərinin Qazaxıstan, Türkmənistan və İran hava məkanlarından istifadə olunmaqla çatdırıldığı bildirilir. Bu məqam rəsmi Bakının həmçinin adı çəkilən üç ölkəyə ünvanlı gileyi sayıla bilər.
Doğrudur, Qazaxıstan və Türkmənistan bizə dost-qardaş ölkələrdir və Türk Şurasında təmsil olunur. Ancaq bu ölkələr Ermənistana strateji əhəmiyyətli hərbi yüklər aparan Rusiyaya məxsus İL-76 ağır hərbi-nəqliyyat təyyarələrinə hava məkanı ayırarkən yüklərin xarakteri ilə maraqlanmalı idi. Ona görə ki, Ermənistana ən yaxın məsafə sayılan Gürcüstan marşrutuna rəsmi Tiflis icazə verməmişdi. Bu da əsas yaradırdı ki, Astana, Aşqabad və Tehran Tiflisin Moskvaya imtinası ilə bağlı arqumentləri ilə maraqlansın. Ümid edək ki, üç dövlət qalmaqallı faktı ən yüksək səviyyədə araşdıracaq və müvafiq tədbirlər görərək Azərbaycan tərəfinə məntiqli izahatlar verəcək...
*****
Diqqət çəkən ən önəmli məqam isə İlham Əliyevin telefon zənginin Türkiyənin müdafiə naziri Hulusi Akar və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülərin başçılığı ilə, bütün qoşun növlərinin komandanları da daxil, böyük bir hərbi nümayəndə heyətinin Bakıda olduğu vaxt reallaşmasıdır. Bu da Moskvaya gerçək dostluq və müttəfiqliyin necə olduğu barədə incə bir mesajdır.
Qeyd edək ki, Türkiyə yüksək səviyyəli hərbi nümayəndə heyətinin səfərindən cəmi bir gün qabaq Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və müdafiə naziri, general-polkovnik Zakir Həsənov qardaş ölkədə birgə səfərdə olublar. Hər iki nazirimiz Türkiyədə ən yüksək səviyyədə, o cümlədən prezident Rəcəb Tayyib tərəfindən qəbul olunub. Zakir Həsənov isə Türkiyədən Hulusi Akarla birgə qayıdıb.
Ötən ay isə Azərbaycan müdafiə nazirinin iki müavini - Hərbi Hava Qüvvələrinin Komandanı, general-leytenant Ramiz Tahirov və Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayev Ankarada olmuş, qardaş ölkənin hərbi-siyasi rəhbərliyi və milli hərbi sənaye kompleksinin rəhbəri tərəfindən qəbul edilmişdilər.
*****
Siyasi və yüksək çinli hərbi rəsmilər səviyyəsində xeyli intensivləşən belə qarşılıqlı səfərlər şübhə yox ki, iki qardaş dövlət arasında hərbi əməkdaşlığın yeni və ən yüksək mərhələyə adladığından xəbər verir. Biz bunun real nəticələrini yəqin ki, çox tezliklə, o cümlədən Dağlıq Qarabağ məsələsində əyani görəcəyik. Azərbaycan prezidentinin Kremlə son telefon zənginin məhz belə mühüm gəlişmələrə təsadüf etməsi əsla səbəbsiz deyil, ola bilməz.
Məlumdur ki, Azərbaycan balanslı xarici siyasətə üstünlük verir. Lakin bu, qətiyən o anlama gəlmir ki, biz milli maraqlarımızı kiməsə, o cümlədən Rusiyaya güzəştə gedə bilərik. Prezidentin budəfəki zəngində əslində daha bir mühüm ismarış da elə odur ki, əgər işğalçı Ermənistanın Rusiya tərəfindən intensiv və təmənnasız silahlanması davam edərsə, o zaman Bakının balanslı siyasəti günün birində Rusiyanın ziyanına, Türkiyənin üzv olduğu NATO və Qərbin isə xeyrinə dəyişə bilər. Buradaca əlavə edək ki, Bakıdan Kremlə Rusiyaya narazılıqla bağlı prezident səviyyəsində telefon zənginin olması və onun detallı şəkildə ictimailəşdirilməsi yada gəlmir. Yəni Putinin hakimiyyəti dönəmində bu, ilk də sayıla bilər...
*****
Durumu təhlil edən politoloq Qabil Hüseynli isə Bakı və Ankara arasında artıq çox mühüm sənədlərin hazırlandığı qənaətindədir (Teleqraf.com). “Çox mühüm addımların atılacağı bizi gözləyir. Bu addımların atılacağı təqdirdə Azərbaycan çox böyük bir gücə söykənmiş olacaq. Əgər indiyədək Azərbaycanla Türkiyə arasındakı münasibətlər bəzi hüquqi müqavilələrin olmaması ucbatından dərin müttəfiqlik əlaqələrinə doğru gedə bilmirdisə, indiki sənədlərin səviyyəsi tərəflər arasındakı müttəfiqlik səviyyəsini ən son səviyyəyə qaldıracaq. Bunun nəticəsində Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər çox yaxın olacaq və təkcə hərbi sahələri deyil, həm də siyasi əməkdaşlıq sahələrini əhatə edəcək. Daxili və xarici siyasətin bütün mərhələlərində tərəflər bir-biri ilə məsləhətləşəcək və uyğun orta xəttin tapılmasında hər iki tərəfin mövqeyi nəzərə alınacaq”, - deyə o vurğulayıb.
Ekspert güman edir ki, nazirlərin qarşılıqlı səfərləri nəticəsində həmçinin Naxçıvanda Türkiyə hərbi bazasının yaradılması, perspektivdə isə Abşeron yarımadasında daha bir hərbi bazanın qurulması məsələsi ətraflı surətdə müzakirə olunub: “Yaradılacaq hərbi-siyasi ittifaqın bütün nüansları müzakirə edilib. Bazanın birinci Naxçıvanda yaradılması məsələsi yəqin ki, həll edilib. Artıq zamin dövlət kimi Türkiyə Naxçıvanın təhlükəsizlik və digər məsələlərinin həll edilməsində yaxından iştirak edəcək. Bu məsələnin ilk addımı kimi Naxçıvan ərazisində hərbi bazanın yaradılması məsələsi budəfəki səfər prosesində bütün parametrləri üzrə müzakirə edilib. Yəqin ki, ortaq nəticəyə gəlinib”.
Bütün bunlar Qarabağ ətrafında situasiyanın keyfiyyət dəyişikliyinə məruz qalacağına şübhə saxlamır. Təbii ki, Azərbaycanın xeyrinə...
Yeni Müsavat