Paşinyan BBC-də biabır oldu - VİDEO

DÜNYA
17:43 / 14.08.2020
1466

Ermənistanın Baş Naziri Nikol Paşinyan BBC telekanalında yayımlanan "HardTalk" verilişinin qonağı olub. 

Verilişdə Paşinyan aparıcı Stiven Sakurun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi suallara cavab verərkən çətin anlar yaşayıb.

Belə ki, aparıcının "Siz son münaqişəni Azərbaycanın başladığını iddia edirsiniz, qarşı tərəf isə əksini deyir, bu verilişdə bunu aydınlaşdıra bilməyəcəyik. Ancaq aydın olan odur ki, siz buna qədər vəziyyəti gərginləşdirən bir sıra təxribat xarakterli addımlar atmısınız. Məsələn, niyə ötən ilin avqustunda siz Stepanakertə (Xankəndi -red.) səfər edib çıxışınızda "Artsax Ermənistandır" demisiniz? Bu, açıq aşkar Azərbaycana qarşı təxribat idi" sualına cavabda erməni Baş Nazir yayınmağa çalışıb.

"Mən ona görə "Artsax Ermənistandır" demişəm ki, Dağlıq Qarağda min illər boyu ermənilər məskunlaşıb və Artsax adı minilliklərlə tarixə sahibdir".

Ermənistanın Baş Nazirinin sözünü kəsən aparıcı "Biz sizin tarixinizin minilliklərini indi araşdıra bilmərik, edə biləcəyimiz bu günün reallıqlarına baxmaqdır. BMT Baş Assambleyasının münaqişə ilə bağlı 4 qətnaməsi, hansı ki, işğal olunmuş Azərbaycan torpaqlarından bütün Ermənistan hərbi qüvvələrinin qeyd-şərtsiz çıxarılmasını tələb edir, pozmusunuz. Beynəlxalq hüquqa görə sizin qüvvələr işğal həyata keçirir və siz ora gedib bu ərazilərin sizə aid olduğunu elan edirsiniz. Aydındır ki, siz sülh qurucusu deyilsiniz" deyə bildirib.

Daha sonra Paşinyan qeyd edib ki, guya Azərbaycan 90-cı illərin əvvəllərində Qarabağda yaşayan ermənilərə qarşı etnik təmizləmə həyata keçirib və münaqişə bu andan başlayıb.

S.Sakur onun hakimiyyətə gəldiyi vaxt sülhə nail olacağına dair verdiyi sözü yerinə yetirib-yetirmədiyi ilə maraqlanıb: "Məsələn, mən bilirəm ki, sizin hökumətiniz Ermənistandan Dağlıq Qarabağa yol çəkir. Bu yol Azərbaycan ərazisindən keçir. Brüsseldə olan və Qafqaz üzrə siyasətdə ixtisaslaşan bir sıra Avropa parlamentariləri bu plana baxıblar və onu beynəlxalq hüququn pozulması kimi dəyərləndiriblər. Bunun Qarabağın qanunsuz işğalının möhkəmləndirəcəyini bildiriblər. Siz bu yolun tikintisini dayandıracaqsınızmını?"

Bu suala da cavab tapa bilməyən Baş Nazir sadəcə yolun Ermənistan hökuməti tərəfindən tikilmədiyini iddia edib.

 

0
“Qafqazinfo”