Lerikdə 15 yaşlı qızla əlaqədə olan şəxslərlə bağlı YENİ FAKTLAR

ÖLKƏ
12:41 / 16.08.2020
1809

Xəbər verdiyimiz, kimi Lerik rayonunda 15 yaşlı qızla cinsi əlaqədə olmaqda təqsirləndirilən daha bir şəxs həbs edilib. Bu barədə məlumat verən vəkil Tükəzban Aşurova bildirib ki, Lerik rayonu Kirəvud kənd sakini, 1999-cu il təvəllüdlü Ə.S. barəsində həbs qətimkan tədbiri seçilib. 

Ona qarşı Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə ittiham verilib.  Vəkil bildirib ki, ittihamı əsassız hesab edir və müdafiə etdiyi şəxs barəsində həbs qərarından apelyasiya şikayəti verib. 

T.Aşurova deyib ki, Ə.S. bir müddət əvvəl Lerikdə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaqda təqsirli bilinən Şəfahət Məmmədov adlı şəxsin işində zərərçəkmiş şəxs olan eyni qızla cinsi əlaqədə olmaqda təqsirləndirilir. Həmçinin cinayət işində başqa zərərçəkmişlər də var.

Proseslə bağlı Qaynarinfo yeni məlumatlar əldə edib. 

Qeyd edək ki, iş üzrə ittiham olunan Məmmədov Şəfahət Ağamməd oğlu Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilib. Elə cinayət işi həmin maddə ilə də Lerik rayon Məhkəməsinə daxil olub.


Cinayət işi və məhkəmə qərarından belə aydın olur ki, Şəfahət Məmmədov 10 may 2003-cü ildə anadan olmuş M.B ilə 2018-ci ilin yay aylarında münasibət qurub. Belə ki, həmin vaxt Kirəvud kənd orta məktəbinin 9-cu sinifini bitirmiş M.B öz razılığı ilə kəndin yaxınlığındakı meşə sahəsində, habelə Ş.Məmmədovun evinin yaxınlığında yerləşən, Kinəvəs adlı kənd sakinin yaşayış olmayan evində görüşərək, onunla cinsi əlaqədə olub. Həmin vaxt qızın heç bir etiraz etmədiyi, öz xoşu ilə cinsi əlaqədə olduğu bəlli olub.

Məlumatlardan belə məlum olur ki, Ş.Məmmədov və M.B arasındakı münasibətlər bir müddət davam edib. Sonuncu əlaqədən sonra isə 16 yaşı tamam olmamış qız hamilə qalıb.

İstintaq materialları və məhkəmə qərarından belə aydın olur ki, zərərçəkmiş şəxs M.B məhkəmə prosesində izahat verib. Və həmin izahatında o bildirib ki, ilk dəfə, hələ 14 yaşı tamam olmamış Ə.S ilə cinsi əlaqədə olub. Onların münasibətləri bir müddət davam edib. Məhkəmə istintaqı zamanı Ə.S-nın cinayət əməli törətdiyi və buna görə də, ona Cinayət Məcəlləsinin 152.2 və 153.2-ci maddələri ilə cinayət işinin açılması tövsif olunub və müvafiq qurumlar qarşısında məsələ qaldırılıb. Onun haqqında Lerik rayon Məhkəməsinin 13.08.2020-ci il tarixli qərarı ilə 3 ay müddətinə həbs qətiimkan tədbiri seçilib.

Məlumatlarda vurğulanır ki, cinayət işi üzrə məhkəmə baxışı 22 iyul 2020-ci ildə keçirilib. Qeyd edilir ki, dövlət ittihamçısı təqsirləndirilən şəxsə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib. Ş.Məmmədovun vəkili Asif Allahverdiyev isə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin olmadığını deyərək, ona bəraət verilməsini istəyib. Onu da bildirək ki, Ş.Məmmədov ona qarşı irəli sürülmüş ittihamı qəbul etmir, ona şər atıldığını, günahsız olduğunu bildirir.

Lerik Məhkəməsinin çıxardığı qərarda isə qeyd edilir ki, Ş.Məmmədov barəsində 30.07.2020-ci il tarixli 1(048)-21/2020 saylı hökm çıxarılıb. Təqsirləndirilən şəxsin yaşayış yerindən müsbət xarakterizə olunması, ilk dəfə cinayət törətməsi, II qrup əlil olması, 60 yaşına çatması, himayəsində I qrup gözdən əlil anası olmaqla ona qulluq etməsi, həmçinin həyat yoldaşının II qrup əlil olmalqa əmək qabiliyyəti olmadığı və ailənin yeganə qazanc gətirəni olması yüngülləşdirici hal kimi nəzərə alınıb. Nəhayət, o, Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Hazırda Lerik rayon Prokurorluğu məhkəmənin qərarından protest verib. Eyni zamanda, məhkum Ş.Məmmədov da bəraət tələbi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti ilə müraciət edib.


Qeyd edək ki, burada daha bir neçə maraqlı məqam var. Həmin məqamlardan birinin zərərçəkən M.B-nın ifadə verməsinə və etiraf etməsinə baxmayaraq, istintaqın Ə.S haqqında cinayət işi açmamasıdır. Halbuki həmin işi Lerik Məhkəməsi etməli olub. Digər tərəfdən, istintaq M.B-nın hamilə olduğunu bildiyi halda, uşağın konkret olaraq kimdən olmasını müəyyənləşdirmək üçün heç bir addım atmayıb. Hərçənd bunun üçün müxtəlif tibbi imkanlardan yaralanmaq mümkün idi.

Məsələni diqqətdə saxlayacağıq. Yazıda adları keçən şəxslərin və qurumların da mövqeyini dərc etməyə hazırıq.

0