Rusiya Belarusu ilhaqın hüquqi bazasını hazırlayır – SSRİ yenidən bərpa olunur?

SİYASƏT
13:28 / 16.08.2020
1460

“Belarus Prezidenti Aleksandr Lukaşenko ölkə ərazisində vəziyyətin tənzimlənməsinə kömək etmək üçün Rusiyaya müraciət etməlidir”.

Ovqat.com xəbər verir ki, bu sözləri Rusiyanın LDPR Partiyasının lideri Vladimir Jirinovski bildirib.

O, Vladimir Solovyovun YouTube kanalında yayımlanan efirində Belarus liderini xüsusi xidmət orqanlarının fəaliyyətini aktivləşdirməyə və vaxtilə Minsk və Moskva arasında bağlanmış razılaşmalara rəvac verməyə çağırıb. Deputat qeyd edib ki, Lukaşenko qısa müddət ərzində Rusiyaya müraciət etməlidir. Onun sözlərinə görə, yaranmış vəziyyətdə ləngitmək olmaz.

"Bu böhrandan bir çıxış yolu qalıb; yardım üçün Rusiyaya müraciət etmək", — deyə siyasətçi bildirib.

Jirnovski bu ideyasını ilk dəfədir ki, irəli sürmür. İki həftə əvvəl də o, təşkil etdiyi mitinqlərdən birində eyni fikirləri söyləmiş və Lukaşenkonu təcili istefaya, hakimiyyəti isə Moskvaya təhvil verməyə çağırmışdı.

Xatırladaq ki, iki gün əvvəl Aleksandr Lukaşenko Minskin tələbi ilə Rusiyanın Belarusa kömək etməyə hazır olduğuna əminliyini ifadə etmişdi. O xatırlatmışdı ki, bu iki dövlət müttəfiqdir və aralarında KTMT çərçivəsində hərbi razılaşmalar var. Dünən Jirnovskinin son çağırışının ardından “Batka”nın Rusiya yardım üçün müraciət etdiyi xəbərləri yayıldı. Ard-arda yaşanan bu “mesajlaşmalar” Rusiyanın Belarusa hərbi müdaxiləyə hazırlaşdığından xəbər verir.

Qeyd edək ki, Rusiya Bəşər Əsədin də “çağırışına” səs verərək, 2015-ci ildə Suriyaya hərbi qüvvələrini göndərmiş və indiyə qədər də ordan çıxmaq haqqında düşünmür.

Jirnovskinin Belarusdakı seçkilərdən qabaq iki ölkənin birləşdirilməsi barədə niyyətini açıq şəkildə ortaya qoyması gözlənilən hərbi müdaxilədən sonra ilhaq planının reallaşdırılması ehtimalını ağla gətirir.

Dərd burasındadır ki, Azərbaycan da Jirnovskinin yenidən rus imperiyasını qurmaq barədə çağırışlarında vaxtaşırı adı çəkilən ölkələrdəndir. Moskvanın işğal planının bəhanəsi isə ən adi səbəblər ola bilər. Son zamanlar Azərbaycanda Rusiyaya bağlı qüvvələrin “zərərsizləşdirilməsi” rəsmi Bakının da belə bir əndişəsinin olduğunu təsdiqləyir.

2