Nazirlikdən sosial şəbəkələrdə yayılan video ilə bağlı AÇIQLAMA

ÖLKƏ
14:25 / 16.08.2020
1099

Mingəçevir şəhər sakini Vüsal Yaşar oğlu Rəsulzadəyə hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar 2003-də təyin edilmiş əlillik ləğv edilməyib.

HİT.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Fazil Talıbov məlumat verib.

Fazil Talıbov bildirib ki, sosial şəbəkə səhifələrindən birində yayılan videoda onun atası Yaşar Rəsulovun oğlu Vüsal Rəsulzadənin əlilliyinin dayandırılması ilə bağlı narazılığına heç bir əsas yoxdur.

"Sadəcə olaraq, uzun illər əvvəl aparılmış əlillik müayinələri ilə bağlı məlumatların müvafiq altsistemə daxil edilməsi zamanı həmin şəxsin əlilliyinin müddəti ilə bağlı dəqiqləşdirmə aparılmasına ehtiyac vardı.

Qısamüddətli araşdırma aparıldıqdan sonra V.Rəsulzadənin əlilliyi yenidən müddətsiz olaraq elektron sistemdə qeydə alınıb. O, əlilliyi olan şəxs kimi müvafiq sosial ödənişlərini də almaqda davam edir.

Videoda Y.Rəsulovun Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qəbulda olması, qəbul zamanı guya ondan oğlunu niyə ön cəbhəyə göndərməsi ilə bağlı soruşulması ilə bağlı dedikləri də əsassızdır.

Çünki 16 mart 2020-ci il tarixdən koronavirus pandemiyası ilə əlaqədar Agentlikdə vətəndaş qəbulu həyata keçirilmir və vətəndaş müraciətləri də yalnız distant formada (telefon və e-mail üzərindən) həyata keçirilir.

Y. Rəsulov Agentlikdə qəbulda olmayıb, yalnız 11-12 iyun tarixlərində onunla telefonla danışılaraq müvafiq məsələ ilə bağlı izahat verilib", - deyə nazirlik rəsmisi qeyd edib.

 

1