Əsgərlərini xilas edərkən alnından vurulan komandir - Şakir Bayramovun SON DÖYÜŞÜ

ÖLKƏ
11:00 / 17.08.2020
1887

1988-ci ildən başlayan Qarabağ müharibəsi Azərbaycana yüzlərlə qəhrəman tanıdıb. Torpaq, Vətən uğrunda canını fəda etmiş bu qəhrəmanlar haqqında danışılanlara qulaq asdıqca, həm fəxr edirsən, həm də yanıb-yaxılırsan...

Qürurlanırsan ki, Azərbaycan Ordusunda belə cəsur döyüşçülər varmış... Təəssüflənirsən ki, axı niyə bu cür qəhrəman oğlanları tez itirdik?..

Onlar hələ ölməməli, Qarabağın işğaldan azad edildiyi günü görməli, buna şahid olmalıydılar... Təəssüf, min kərə təəssüf... Belə oğullar Vətənə, xalqa indi çox gərəkdir...

Modern.az saytında şəhidlərimizlə bağlı olan “Sonuncu zəng” rubrikasına davam edirik. Rubrikamızda vətən uğrunda canlarından keçib şəhidlik zirvəsinə ucalan oğul və qızlarımızın ailəsi və yaxınlarıyla sonuncu zəngi, telefon danışığı ya da son görüşü haqqında danışılır.

Rubrikanın növbəti təqdimatı Birinci Qarabağ Müharibəsinin cəsur komandirlərindən olmuş və bu günə kimi haqqında yazılmamış Şakir Balakişi oğlu Bayramov haqqındadır.

Məlumdur ki, Birinci Qarabağ Müharibəsi zamanı mobil telefon yox idi. Həmin dövrdə döyüşçülər bəzən ailələri ilə məktub vasitəsi ilə əlaqə saxlayıb, ya da aradabir qısa müddətə evə getmək ucazəsi alanda yaxınlarının əhatəsində olublar. Məhz buna görə də Şakir Bayramovun son günü barəsində ailəsinin, döyüş yoldaşlarının onunla bağlı xatirələrindən bəhs edəcəyik.

İndi onun ad-soyadı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “İtkin düşmüşlər” siyahısında qısaca olaraq belə qeyd edilib:

“Bayramov Şakir Balakişi oğlu
Doğum tarixi: 1965.05.20
İtkin düşmə tarixi: 1993.08.17
Doğulduğu yer: Cəbrayıl;
İtkin düşdüyü yer: Cəbrayıl”.

Şakir Bayramov haqqında internetdə olan bu qısa məlumat onu tanımayanlara heç nə demir. Halbuki, o, barəsində bəlkə də dastan yazılası cəsur döyüşçü, qorxubilməz komandir, vətənpərvər insan olub. Onu tanıyanlar belə bir döyüşçü itkisinin miqyasını sözlə ifadə etməyə çətinlik çəkirlər...

O, bütün döyüşlərdə əsgərlərilə ön səngərdə - bir cərgədə dayanan komandir olub... Lap elə bu günlərdə hamının haqqında danışmaqdan yorulmadığı şəhid general-mayor Polad Həşimov kimi...

Bəli, Birinci Qarabağ Müharibəsi zamanı da belə komandirlərimiz olub, döyüşə həmişə əsgərlərinin önündə atılan Şakir Bayramov kimi...

O, əsgərlərinin həyatını xilas edib, öz canını qurban verən əzəmətli bir qəhrəman idi... Biz Şakir Bayramovun simasında əsl komandir itirmişik...

Şakir Balakişi oğlu Bayramov 20 may 1965-ci il tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra keçmiş Sovet Ordusunda hərbi xidmət keçib.
1989-cu ildə ailə həyatı qurub. Üç uşaq atası idi.

Qarabağın digər bölgələri kimi Cəbrayılın da təlatümlü günləri başlayanda Şakir Bayramov könüllü olaraq silaha sarılan döyüşçülərin sırasına qoşulmuşdu. Məqsəd bir idi – doğma torpaqları göz bəbəyi kimi qorumaq, işğal haqda düşünən ermənilərin məkrli niyyətinin qarşısını almaq...

O müharibənin od-alovuna atılanda öncə yaşlı anasını, gənc həyat yoldaşını, körpə uşaqlarını – iki qızı və bir oğlunu deyil, Vətəni düşündü... Anası və həyat yoldaşı Şakiri bu yoldan döndərmək istəsəydi belə, bu, mümkün olmayacaqdı... O, doğulub boya-başa çatdığı rayonun ağır günündə kənarda dayanmağı qeyrətinə sığışdıra bilməzdi... Bilmədi də...

Şakir Bayramov Cəbrayılın qeyrətli oğulları ilə birgə kürək-kürəyə verib Süleymanlı, Qışlaq, Sur, Daşbaşı, Sirik, Dolanlar, Qazanzəmi postlarında düşmənin qarşısını kəsmişdi.

Dəfələrlə çətin döyüşlərdən üzüağ, alnıaçıq çıxdı. Bir sıra hərbi əməliyyatlarda qəhrəmanlıq göstərdi, döyüşçü yoldaşlarını xilas etdi, düşmənin canlı qüvvəsinin məhv edilməsində yaxından iştirak etdi... Hərbi hissə rəhbərliyi döyüşlərdə fəal iştirakını, göstərdiyi şücaətləri nəzərə alıb Şakiri Minaatanlar taburunun komandiri təyin etdi... Bu təyinatda yanılmamışdılar... Şakir Bayramovun komandiri olduğu Minaatanlar taburu ermənilərin başına od ələyirdi... Düşmən cəsur komandirin başına mükafat təyin etmişdi...

Sonuncu dəfə 1993-cü il avqustun 15-də evə gələn komandir bir neçə saatı ailəsi ilə birgə keçirdi, azyaşlı uşaqları ilə oynadı, bir tikə çörək yeyib elə gecəykən hərbi hissəyə qayıtdı...

Səhəri gün ermənilər Cəbrayıl üzərinə genişmiqyaslı hücum etdilər...

Həmin gün Süleymanlı kəndi istiqamətində onun komandiri olduğu bölüyün əsgərləri düşmənlə qeyri - bərabər döyüşə atılmışdı. Bu ölüm-dirim döyüşü Şakirin son döyüşü oldu. Komandir bu döyüşdə son gülləsinədək döyüşdü, əsgərlərini xilas etdi. Düşmənlə qeyri-bərabər döyüşdən heç kimin sağ çıxmayacağını görəndə əsgərlərinə yerlərini dəyişmək - bir qədər geriyə çəkilmək barədə əmr verdi... Onları mühasirədən çıxardı, amma özü azğınlaşmış erməni dəstəsinin qarşısını təkbaşına almaq üçün sinəsini sipər etdi...
O, əsl komandirlər kimi alnından vuruldu... Uzaqdan bu dəhşətli mənzərəni görən əsgərləri onun  vurulub yıxıldığı yerə yaxınlaşa bilmədilər...

Komandirin həyat yoldaşı Nəsibə Əhmədova onunla son görüşü belə xatırlayır:


“1993-cü ilin avqustun 15- idi. Sonuncu dəfə icazə alıb bir günlüyə evə gəlmişdi. Dedi ki, uşaqları da götürək – onda övladlarımız azyaşlı idilər - gedək şəkil çəkdirək. O zaman təbii ki, heç bir ailədə - heç kimdə fotoaparat yox idi, kəndimizdə bir ya iki fotostudiya fəaliyyət göstərirdi. Mən əvvəlcə istəmədim. Dedim növbəti dəfə gələndə gedib çəkdirərik. Təkid etdi ki yox, gərək indi gedək, yoxsa sonra peşman olacaqsan... Sanki sonuncu görüşümüzün olduğu ürəyinə dammışdı.
Onun istəyilə uşaqların 3-nü də götürüb getdik dəmiryolu stansiyasındakı fotostudiyaya - şəkil çəkdirdik... Amma Şakir o şəkli görmədi... Elə gəldiyi kimi də tələsik çıxıb getdi...

... Həmin şəkli biz torpaqlarımızdan didərgin düşəndən az sonra kimsə gətirib bizə təqdim etdi... Dərd-sərimiz, ağrı-acılarımız o şəkli tamam yadımızdan çıxarmışdı...

Sonralar onun guya, əsirlikdə olduğunu deyənlər oldu...

Hərdən Allaha yalvarıram ki, əgər sağdırsa, yolu açılsın... Sonra da fikirləşirəm ki, belə şey mümkün deyil, düşmən onu sağ qoya bilməzdi...
Təskinliyim təkcə bu ola bilər ki, kaş məzar yeri olaydı, gedib ziyarət edərdik...”.

Döyüşçü yoldaşı Süleyman Ağayev:

 

“Mən baş leytenant Şakir Bayramovun Minaatanlar taburunda döyüşürdüm. O, çox vətənpərvər insan idi. Torpağına, Vətəninə, xalqına, əsgərlərinə bağlı hərbçi kimi heç vaxt istəməzdi ki, taburunda bircə nəfərin burnu qanasın.
O, həmişə əsgərlərini qorumaq üçün öndə gedirdi. Ən acığı gələn şey də bu idi ki, kimsə ondan qabağa keçsin... Deyirdi ki, məndən öndə heç kim gedə bilməz. Bizim təkidlərimizə baxmayaraq, arxaya keçməzdi, qabaqda gedərdi... Əsgərlərilə komandir kimi deyil, böyük qardaş kimi davranırdı...


...Onunla birlikdə çox döyüşlərdə olmuşuq. "Şişqaya" əməliyyatında, “Tuğ”, “Göy gədik” deyilən yerlərdə ən qızğın döyüşləra atılmışıq. Xocavənd rayonunun Tuğ kəndini işğaldan azad etmişdik. Xocavəndin 9 kəndi ilə birlikdə həmin yaşayış məntəqəsi də bizim nəzarətimizdə idi...

...Bir dəfə döyüşdə xeyli düşmən əsgəri məhv etmişdik, biri sağ qalmışdı. Həmin erməni səngərdən çıxıb qayalıqlarda gizləndi. Komandir əmr verdi ki, onu diri tutmalıyıq. Şakir bəy düşmənin əlində olan girovları geri qaytarmaq üçün həmin ermənini diri istəyirdi. Amma düşmən hərbçini sağ ələ keçirə bilmədik, bizimlə atışmağa başladığı üçün vurüb öldürməli olduq...

...Mən ondan yaşca kiçik idim. Eyni kənddə böyümüşdük. Xaraktercə mülayim, özünə hörmət qazanmağı bacaran adam idi. Böyüklə böyük, kiçiklə kiçik kimi davranırdı…

…Kənddə hamı ona “Bəy” deyirdi. Bu ləqəbi səngərə də daşımışdı, taburda da komandiri “Bəy” deyə çağırırdıq. Kiçikdən böyüyə hər kəs həm onu sevir, həm də hörmət edirdi. Kiminsə yanından görüşmədən keçməzdi. Ailəsinə, övladlarına da çox bağlı idi…


... Sonuncu dəfə 1993-cü il avqustun 16-da bilrikdə döyüşdə olduq. Süleymanlı və Qışlaq kəndlərinin arasında mövqe tutmuşduq. Qeyri-bərabər döyüş idi. Cəbrayılın üzərinə hücuma keçən ermənilər sayca bizdən xeyli çox idi...

Ermənilər tərəfdən 100 nəfərə yaxın döyüşçü var idi. Biz isə həmin mövqedə cəmi 5 nəfər idik. Son patronumuza qədər döyüşdük. Düşmən bizi mühasirəyə alıb məhv etməyə çalışırdı.
Komandir bizə əmr etdi ki, bir-birinizdən aralı durmaqla manevr edib mövqeyimizi dəyişək. Onun əmri ilə ərazidən çıxa bildik.

Təəssüf ki, özünü başından vurdular, yıxıldı.. Biz onu döyüş ərazisindən çıxara bilmədik.

...Mən onun yıxıldığını, öldüyünü gözlərimlə gördüm. Sonralar söz-söhbət gəzdi ki, Şakir bəy yaralı halda əsir düşüb.

Komandirin həmin son döyüşündə onun qaynı Mehman Əhmədov da bizimlə birlikdə idi. O da Şakir bəyin necə vurulduğunu gördü...

Sağ qalması, əsir düşməsi çox çətin məsələ idi. Çünki başından qan qarışıq ağ köpük axdığını hamımız gördük. O qədər mərd insan idi ki, bəlkə də ermənilər ona yaxın gəlməsin deyə, özünü partladardı. Mən sonralar həkimlərdən soruşdum ki, o cür yaralanmış adam sağ qala bilərmi? Bəziləri dedi ki, 6-7 saat o vəziyyətdə qala bilərdi. Digərləri bunu inkar etdi...
Biz də çox arzuladıq ki, təki sağ qalsın. Amma inana bilmirəm...

... Şakir bəy şəhid olmazdan 3-4 ay əvvəl oğlu Elçin doğulmuşdu. Çox sevinirdi... Həmişə deyirdi ki, “mənim Elçinim dünyaya gəlib. Şəhid olsam, gözüm arxada qalmayacaq”.
Onun sözləri indi də qulağımdadır - “Mənim Elçinim var”,- deyirdi.
Sanki özü də şəhid olacağını hiss etmişdi. Tabeçiliyində olan əsgərləri, zabitləri çox qoruyurdu. Hamımızdan yaşca böyük idi və taburda yeganə evli olan şəxs Şakir bəy idi, 3 uşaq atası idi. Ona görə bizə deyirdi: “Mənim evimi-ailəmi əmanət edə biləcəyim oğlum var, siz özünüzü qoruyun, sağ qalın”.

Belə bir insan haqqında təəəssüflə danışmaq çox ağırdı...”.


Oğlu Elçin Bayramov:

“Atam sön döyüşdə vurulanda mənin heç 1 yaşım yox idi, onu yaxşı xatırlaya bilmirəm... Haqqında keçmiş döyüşçü dostları həmişə böyük hörmət və ehtiramla danışırlar... Onların atam haqqında söylədikləri, qəhrəmanlığı barədə dediklərindən hər zaman qürürlanıram ki, gör mən necə bir kişinin oğluyam...

Yadımdadır ki, nənəm ölən günə qədər onun bir gün qayıdıb gələcəyinə inanırdı. Çünki atamın məzarı yox idi, nənəm deyirdi ki, “Şakirin sağ qaldığına inanıram”.

Nənəm namaz qılırdı, həmişə təsbehi çevirib salavat gətirir, deyirdi ki, “hə, bu dəfə çox yaxşı gəldi, Şakir mütləq qayıdacaq...”. Nənəm elə o ümidlə də bu dünyadan köçüb getdi...

2004-cu ildə əsirlikdən azad olunmus bir nəfər atamın sağ olduğunu, guya, Şuşa türməsində saxlanıldığını söyləmişdi... Əmimgil onda çox araşdırma apardılar... 27 il keçməsinə baxmayaraq hələ də ümidini itirməyənlər var... Bəzən adam çox darıxır...”.

Şakir Bayramov vurulandan bir həftə sonra - 23 avqustda Cəbrayıl işğal olundu... Aradan 27 il ötür. Torpağı işğal olunan cəbrayıllılar 27 ildir  xatirələrin əsiridir. Bu xatirələrdə nələr yoxdur: müqəddəs Hacı Qaraman ocağı, Xudafərin körpüləri, Diridağ, Qız qalası, Gəyən düzü, başı dumanlı Ziyarət, Qartal abidəsi, Dəyirman dərəsi, Mazan nənə piri, Tey dağı, Çoban bulağı, Divlər sarayı, Xan Çinar, Cəbrayıl kəhrizi, Söyüdlü bulağı, Mərcanlı stansiyası, dədə-babaların qəbir yerləri, od vurulan evlərin ərşə dirənən tüstüsü, tar-mar olunan əmlak, şəhid və itkin yaxınlarının ah-naləsi, arvadların qarğışı, kişilərin çarəsizliyi,.. bizi qisasa çağıran nigaran ruhlar...

Şakir Bayramovun keçmiş döyüş yoldaşları, həmkəndliləri qisas ümidilə yaşayır, o günü gözləyirlər...


Əfqan Qafarlı

0
Modern.az