Yüz minlər küçələrə çıxdı, Lukaşenko yenə Putinə zəng vurdu

SİYASƏT
11:51 / 17.08.2020
1494

Ötən gün Minskdə yüz minlərlə insanın avqustun 9-da keçirilmiş prezident seçkilərinin nəticələrinə və kütləvi həbslərə, işgəncələrə etiraz olaraq küçələrə çıxmasından sonra Belarus prezident Aleksandr Lukaşenko ilə Rusiya prezidenti Vladimir Putin arasında daha bir telefon danışığı olub.

Kremlin yaydığı məlumata əsasən avqustun 16-da axşam iki ölkə rəhbərləri yenidən telefon danışığı aparıblar. Söhbət zamanı Lukaşenko və Putin Belarusda seçkilərdən sonra yaranmış situasiyanı, xüsusən də ölkəyə xaricdən edilən təzyiqləri müzakirə ediblər. Bundan əlavə Putin yenidən Moskvanın Minskə respublikadakı problemin İttifaq dövləti haqda müqavilə əsasında və KTMT xətti ilə həll edilməsi üçün dəstək verməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, Lukaşenko Putinə bundan əvvəl avqustun 15-də zəng vurmuşdu və Belarusda yaranmış vəziyyətə müdaxilə etməyi istəmişdi. Lukaşenko demişdi ki, Rusiya prezidenti “ilk sorğudaca kömək etməyə hazır olduğunu” bildirib.

Ötən gün Minskdə olduqca izdihamlı aksiya baş tutub, “Minsk- Qəhrəman şəhər” abidəsinin qarşısındakı meydana 200 mindən çox insan toplaşıb. Təhlükəsizlik qüvvələri aksiyaya müdaxilə etməyib. Toplaşanlar Lukaşenkonun hakimiyyətdən getməsini, etirazlar zamanı həbs olunanların azadlığa buraxılmasını tələb ediblər.

0
Virtualaz.org