Belarus prezidentliyinə namizəd Svetlana Tixanovskaya xalqın milli lideri olmağa hazır olduğunu bildirib.
O, ölkədəki gərginliyin sakitləşməsi üçün xalqın liderə ehtiyacının olduğunu deyib.
“Ölkənin sakitləşməsi və normal bir ritmə girməsi üçün bu dövrdə ümummilli lider olaraq məsuliyyət götürməyə və hərəkət etməyə hazıram”, - Tixanovskaya qeyd edib.
Xanım siyasətçi bütün siyasi məhbusların azad edilməsinin, yeni seçkilərin təşkili üçün qanunvericilik bazası və şərtlərin hazırlanmasının vacibliyini də vurğulayıb:
“Bu gün belaruslar qəhrəmanlıq, həmrəylik və ləyaqət möcüzələrini nümayiş etdirir. Dünyaya qeyri-zorakı müqavimət ideyalarına bağlılığımızı nümayiş etdiririk, bununla həqiqətin güc və silah tərəfində olmadığını sübut edirik - həqiqət möhkəmlik, dürüstlük, ləyaqət və cəsarət tərəfindədir”.
Prezidentliyə namizəd bir daha təhlükəsizlik işçilərinə cinayət əmrlərini yerinə yetirməmək və xalqın tərəfinə keçmək xahişi ilə müraciət edib.
Avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. MSK-nın məlumatına görə, hazırkı dövlət başçısı Aleksandr Lukaşenko 80.1%, Svetlana Tixanovskaya isə 10.12% səs toplayıb. Müxalifət bu nəticələri tanımır. Ölkədəki kütləvi nümayişlər də nəticələrin elan olunmasından sonra başlayıb.
Bir həftədən çoxdur ki, ölkədə səsvermənin nəticələrinə qarşı icazəsiz etiraz aksiyaları keçirilir.