Deputat müraciət etdi, Əli Əsədov qərar verdi

ÖLKƏ
16:38 / 19.08.2020
904

Astara şəhər Musiqi Məktəbinə Azərbaycanın xalq artisti, görkəmli bəstəkar Oqtay Kazıminin adı verilib.

Hit.Az Kult.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva deyib.

O bildirib ki, Oqtay Kazıminin adının ədəbiləşdirilməsi ilə bağlı Baş nazir Əli Əsədova etdiyi müraciət artıq həllini tapıb:

“Astara şəhər Musiqi Məktəbinə Azərbaycanın xalq artisti, görkəmli bəstəkar Oqtay Kazıminin adının verilməsi ilə bağlı rayon ziyalıları Mədəniyyət komitəsinin sədri olaraq mənə müraciət ünvanlamışdılar. Astara rayonunu təmsil edən millət vəkili həmkarım, dəyərli ziyalı Rəşad Mahmudovla bu məsələ ətrafında söhbətimiz zamanı ziyalıların müraciətinin müsbət həllini tapmasının rayon sakinləri arasında məmnunluqla qarşılanacağını bildirmişdi. Bu məsələyə baxılması xahişi ilə hörmətli Baş nazir Əli Əsədova Mədəniyyət komitəsi adından etdiyimiz müraciət öz müsbət həllini tapıb.

Oqtay Kazimi Astarada doğulub və doğma şəhərdə adının əbədiləşdirilməsi, habelə bu xəbəri onun anım günü ərəfəsində eşitməyimiz bizdə xüsusi məmnunluq doğurur. Görkəmli bəstəkarımıza Ulu Tanrıdan rəhmət diləyir, onun adını daşıyacaq məktəbdə musiqi təhsili alacaq şagirdlərə isə böyük gələcək arzulayırıq.

Hörmətli Baş nazirimiz Əli Əsədova Mədəniyyət komitəsi və Astara rayon ziyalılarının müraciətinə bu cür həssas münasibətindən dolayı təşəkkür edir, məsuliyyətli və şərəfli işində uğurlar arzulayırıq”.

0