Miqren tutmalarını artıran amillər: Qidalar, yuxu, çəki...

DÜNYA
22:53 / 20.08.2020
1042

Pandemiya dövründə miqren tutmalarının sayı artıb.

HİT.Az e-tibb.az-a istinadən xəbər verir ki, bunu Türkiyədən olan nevrologiya uzmanı Halide Rengin Bilgen açıqlayıb. Onun sözlərinə görə, karantin dövründə evdə uzun zaman qalma, eləcə də koronavirusa yoluxma qorxusu miqren tutmalarının artmasıan səbəb olur. Həkim vurğulayıb ki, uzun zaman davam edən stress, depressiya, nizamsız yuxu, eləcə də pis qidalanma miqrenə təsir edir. Onun sözlərinə görə, miqren tutmaları artıdığından həkimə müraciətlər də çoxalıb. Həkim deyib ki, miqren ağrıları, ələlxüsus da onun tez-tez baş verməsi həyat tərzinə, eləcə də iş və təhsilin keyfiyyətinə mənfi təsir edir. O, miqren ağrılarından əziyyət çəkənlərin cəmi 5 faizinin müalicə üçün həkimə müraciət etdiklərini bildirib.

Həkim deyib ki, miqren tutmaları yuxu rejimi ilə sıx bağlıdır, ona görə də bu problemi olanlar yuxu rejimlərini heç vaxt dəyişməməlidirlər. Yuxu azlığı, eləcə də yuxu saatlarında olan dəyişiklik, hətta çox yatmaq miqren tutmalarını artıra bilər.

Qidalanmanın miqrenə təsiri barədə danışan mütəxəssis miqren tutmalarına təkan verən qidaları açıqlayıb. Onun sözlərinə görə, işlənmiş qidalar, məsələn, kolbasalar, sosiskalar, şokolad, həddən artıq kofein istifadəsi, bəzi alkoqollu içkilər, qızartma yeməklər, bir sıra pendirlər miqren tutmalarına təsir edir. Eyni zamanda aspartam kimi qidalara dad verən məhsullar, tərkibində tiramin, monosodium glutamat maddələri olan qidalar, damarlarda daralma və genişlənməni aktiv edərək miqren tutmalarının ortaya çıxmasına səbəb olur.

Həkim vurğulayıb ki, çəkinin artması da miqrenə təsir edir və bu, bir sıra araşdırmalarla sübut olunub. Piylənmədən əziyyət çəkənlərdə miqrenin xroniki formaya (yəni ayda 15 və daha çox tutmanın olması) keçmə riski 5 dəfə artıqdır. Həmçinin insulin rezistentliyi olan xəstələrdə miqren tutmaları sıxlığı və şiddətinin artdığı bildirilir.

Eləcə də hərəkətsiz həyat tərzi də miqrenə təsir edir. Miqren xəstələri dərman müalicəsi ilə yanaşı açıq havada gəzməli, idman hərəkətləri etməlidirlər. Nevroloq bildirib ki, pandemiya, karantin dövründə bütün bunlar olunmadığına görə, miqren tutmalarının artmasına səbəb olur.  Ona görə də mütəxəssis sosial məsafəni qorumaq, maska taxmaq kimi qaydalara əməl etməklə açıq havada piyada gəzməyi, aktiv həyat tərzi keçirməyi tövsiyə edib.

Həmçinin miqren xəstələrinin işığa həssas olduqlarını xatırladan həkim qeyd edib ki, parlaq ışıqlar, eləcə də Günəş işığı miqren tutmalarını artırır. Ona görə də Günəş şüllarının dik düşdüyü saatlarda gəzməmək, gəzərkən gün eynəyi taxmaq, şlyapa, papaq geyinmək tövsiyə olunur.

0