Dərslər bu cür keçirilsin - Deputatdan maraqlı təklif

ÖLKƏ
13:19 / 21.08.2020
1045

Hazırda cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biri, bəlkə də birincisi məktəblərin açılıb-açılmamasıdır. Tədris ili yaxınlaşır, ona görə də hər bir valideyni həm övladının təhsili düşündürür, həm də koronavirus pandemiyası zamanı məktəblərin açılmasının xəstəliyin alovlanmasına təsir edəcəyi narahat edir.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Malik Həsənov yeni dərs ilində tədrisin hansı formada keçirilməsi barədə gedən müzakirələrlə bağlı deyib. Millət vəkili bildirib ki, payızla bağlı proqnozlar heç də ürəkaçan deyil:

“Ümumdünya Səhiyyə Təşkilatı artıq payızda koronavirus pandemiyasının növbəti dalğasının yaşanacağını elan etdi. Azərbaycanda vəziyyət kifayət qədər ürəkaçandır. Xüsusilə son qapanma Operativ Qərargaha arzuladığı nəticəni almağa imkan verdi, yoluxma günlük 80-dən də aşağı düşdü, sağalanların sayı isə kəskin artdı. Ancaq yumşalmalar başladıqdan sonra biz yoluxma sayının hər gün qalxdığını müşahidə edirik. Bir neçə gün ərzində gündəlik yoluxma sayı artaraq, artıq 139-a çatıb. Restoranların fəaliyyətinə də imkan yaradıldığını nəzərə alsaq, yoluxmada növbəti artımı müşahidə edə bilərik. Əlbəttə, hazırkı yoluxma statistikası tam nəzarət altındadır və Operativ Qərargahın hesablamalarına uyğundur. Ancaq qapalı məkanlar, xüsusilə məktəblərin açılması prosesi nəzarətdən çıxara bilər”.

Malik Həsənov qeyd edib ki, hazırda mütəxəssislər, ekspertlər bununla bağlı təkliflər verirlər:

“Bildiyiniz kimi, ötən gün Təhsil nazirinin iştirakı ilə Milli Məclisin Elm və təhsil komitəsi də bunu müzakirə etdi. Çoxsaylı, diqqətçəkən təkliflər var. İndiyə qədər səsləndirilən təkliflər içərisində “hibrid tədris” daha çox cəlbedicidir, amma bura bəzi əlavələr etmək istərdim. Hesab edirəm ki, ibtidai siniflərin, bir də məktəblərin sonuncu sinfində oxuyan, ali məktəbə hazırlaşan şagirdlərin məktəbə - əyani tədrisə daha böyük ehtiyacı var. Ona görə ibtidai siniflər və 11-ci sinif şagirdləri üçün dərslərin məktəbdə keçirilməsini Təhsil Nazirliyinin nəzərdən keçirməsini istərdim. Həmçinin, nəzərə almaq lazımdır ki, əksər məktəblərdə ibtidai siniflərdə şagird sayı 30 civarındadır. Bu sinifləri iki yarımqrupa bölmək, hər yarımqrup üçün həftədə 3 gün tədris günü müəyyənləşdirmək məsələsinə də baxıla bilər”.

M.Həsənov qeyd edib ki, ibtidai siniflərin yarımqruplara bölünməsi müəllimin onlarla ünsiyyətini çoxalda, beləliklə, digər iki gün kompensasiya oluna bilər:

“Nəzərə alsaq ki, məktəblərdə dərs həftəsi əsasən beşgünlükdür, onda həftədə 3 gün dərs keçən şagirdlər iki gün itirmiş olacaqlar. Bunun əvəzində isə müəllimin şagird sayı az olduğu üçün uşaqlarla ünsiyyəti çoxalacaq ki, bu da məktəblinin təhsildən geri qalmamasını təmin edə biləcək.

Eyni prinsipi 11-ci sinif şagirdlərinə də tətbiq etmək olar. Həmçinin dərs saatının qismən azaldılması, yəni 45 dəqiqədən 35-40 dəqiqəyə endirilməsi məsələsi də aktualdır”.

M.Həsənov digər siniflər üçün tədris prosesinin onlayn qaydada aparılmasının daha məqsədəuyğun olduğunu vurğulayıb:

“Hazırda Bakıda müəyyən vaxtlarda sıxlıq yaşanır. Məktəblərin açılması zamanı bu sıxlığın bir neçə dəfə artacağı və deməli, ictimai nəqliyyatda insanların daha çox, ara məsafəsi gözlənilmədən ünsiyyəti üçün şərait yaranacaq. Bu isə yoluxmaya öz təsirini mütləq göstərəcək. Bu baxımdan 5-10-cu siniflərin dərsə onlayn qaydada davam etməsi vəziyyətdən çıxış üçün nəzərdə keçirilə bilər”.

Millət vəkili tədrisi məktəbdə davam edən şagirdlərin qapıda temperaturunun ölçülməsi, gigiyenik vasitələrdən və qoruyucu maskalardan istifadəsinin zəruriliyinə diqqət çəkib:

“Bütün bunlar isə həm məktəb, həm də valideynlər üçün əlavə vaxt, xərc və çətinlik yaradır. Ona görə də tədrisin hibrid formada, dediyimiz qaydada keçirilməsini mütəxəssislərin və aidiyyəti qurumların nəzərdən keçirməsini xahiş edərdim”.

1