“İnsanlar evlərində fərdi qaydada ayinlərə qoşula bilər” - Hacı Şahin

ÖLKƏ
21:11 / 25.08.2020
789

“Pandemiya şəraitində inanclı insanlar da karantin rejiminin şərtlərinə əməl etməlidirlər. İndiyə qədər də bu insanlar nümunəvi davranırlar. Karantin rejiminin tələblərinə uyğun olaraq hazırda Azərbaycanda kütləvi tədbirlər icra oluna bilməz”.

Bunu Publika.az-a danışan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) şöbə müdiri, ilahiyyatçı Hacı Şahin Həsənli deyib.

Onun sözlərinə görə, dini ayinlərlər bağlı toplantılarda, kütləvi tədbirlərdə yoluxma riski daha çox olur: “Ona görə də bunu insanların anlayışla qəbul edəcəklərinə ümid edirik. Bir çox müsəlman ölkələrində bu məhdudiyyətlər tətbiq olunur. Məsələn, İranda ümumiyyətlə Məhərrəmlik tədbirləri qeyd olunmur. Orada qapalı məscidlər bağlanıb və qapalı mühitdə bu mərasimlər keçirilmir. Bu, Ramazan və Qurban bayramında da belə idi. Dünyanın əksər ölkələrində məscidlər açılmadı və həcc ziyarəti təxirə düşdü.

Məhərrəm ayında da ayinlər çox kütləvi olduğundan yoluxma riski arta bilər. Orada qaydaların tətbiq olunması praktiki olaraq mümkünsüz görünür. Bu səbəbdən də insanlar öz evlərində fərdi qaydada bu ayinlərə qoşula bilərlər. Bu mənəvi ehtiyacları qismən də olsa ödəmək üçün din xadimləri canlı yayımlar vasitəsilə insanlara müraciət edir, çıxışlar olur, bu ayinlər icra olunur. İnsanlar evlərindən ona qoşula bilərlər. Aşura günü də bu qaydada davam edəcək”.

0