Xətai polisi BDYPİ-nin göstərişinə əməl etmir - ŞİKAYƏT

ÖLKƏ
14:28 / 26.08.2020
1221

Bakıda beş ay öncə baş verən qəzaya görə yol polisi hələ də vətəndaşa arayış təqdim etmir.

“Qafqazinfo”ya müraciət edən Erkin Həsənli bildirib ki, martın 28-də Xətai rayonunda hərəkətdə olarkən yolun sağında qəza işıq siqnalını yandırıb dayanmış “Mitsubishi” markalı 99 VM 857 nömrəli avtomobilin sürücüsü qəfildən yola çıxaraq onun qarşısını kəsib: “Mən sağ zolaqda qaydaya uyğun olaraq hərəkət edirdim, həmin maşının qəfildən qarşıma çıxması ilə qəza baş verdi. Mənim idarə etdiyim “BMW” markalı 90 SZ 702 nömrəli maşın “Mitsubishi” markalı avtomobilə dəydi. Xətai rayon yol polisinin əməkdaşı qəzaya mənim səbəb olmağım haqda qərar çıxardı. Lakin mənim şikayətimdən sonra məsələ araşdırıldı və qərar verildi ki, qəza qarşı tərəfin təqsirinə görə olub. İndi isə kobud pozuntuya yol verən Xəta polisi Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Elşən Kazımovun göstərişinə əməl etmir. Onlar mənə bu barədə arayışı verməlidirlər ki, mən onu sığorta şirkətinə təqdim edərək maşınımı düzəltdirim. Lakin dəfələrlə müraciət etsəm də, heç bir əsaslı səbəb olmadan arayışı verməkdən imtina edirlər”.

Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Elşən Kazımovun məktubunda qeyd edilib ki, Xətai RPİ Dövlət yol polisi şöbəsinin əməkdaşı A.Piriyevin tərtib etdiyi protokol və inzibati tənbeh haqda qərara xitam verilib. Digər sürücü M.Seyidovu barəsində inzibati tənbeh tədbirinin görülməsi üçün Xətai RPİ-yə göstəriş verilib.

Bu məsələ ilə bağlı açıqlama almaq üçün avqustun 20-dən etibarən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin sözçüsü Vaqif Əsədovla bir neçə dəfə əlaqə saxlamağa cəhd etsək də, zənglərə cavab vermədiyi üçün qarşı tərəfin mövqeyini öyrənmək mümkün olmayıb.

0