“Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun Ermənistana göndərilən hərbi yüklərin rus hərbi bazası üçün olduğu barədə izahı gözlənilən idi”.
HİT.Az “MediaPost”a istinadla xəbər verir ki, bunu hərbi ekspert Nazim Bayram deyib.
Onun sözlərinə görə, hazırda Rusiya prezidenti Vladimir Putin Azərbaycanın Rusiya üçün önəmli qonşu və tərəfdaş olduğunu nümayiş etdirir:
“Görünür, Prezident İlham Əliyevlə telefon danışığında Putin bu izahı vermişdi, ancaq narahatlıq keçirən Azərbaycan cəmiyyətinə bunu şəxsən söyləmək üçün Şoyqunu Bakıya göndərib. Şoyqu Müdafiə nazirimiz Zakir Həsənovla görüşdə xüsusi vurğuladı ki, Rusiyanın heç bir hərəkəti Azərbaycanın əleyhinə olmayıb və deyil. Rusiya regionda gərginliyin eskalasiyasında maraqlı deyil.
Keçəl Həsən, ya Həsən keçəl. Rusiya Ermənistanı sevdiyindən silahlandırır, yoxsa regionda müharibə olmasın deyə, tərəflər arasında hərbi pariteti qorumaq üçün – nəticə eynidir, düşmənimizi silahlandırır. Hərbi paritetin qorunmasında məqsəd odur ki, Azərbaycanda Ermənistan üzərində qələbəyə əminlik olmasın və ölkəmiz müharibə başlatmasın. Bununla, Rusiya regionda öz maraqlarını (müharibə olmamasını) təmin edir, ancaq Azərbaycan ərazisinin 20%-i erməni işğalında qalmaqda davam edir”.
N. Bayramın fikrincə, Rusiya Müdafiə nazirinin səfərinin digər məqsədi Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı və Türkiyənin regiona Azərbaycan vasitəsilə nüfuz etməsi ilə bağlıdır:
“Rusiya göstərmək istəyir ki, Türkiyə Azərbaycana gəlsə də, mən regiondan getməmişəm, Xəzər regionu maraq dairəm olaraq qalır. Düzdür, məsələlərə cari kontekstdə baxsaq, Azərbaycanın pandemiya şəraitində “Dəniz Kubokunda” iştirak etməyindənsə, Tovuz döyüşlərindən sonra tutduğu prinsipial xətti davam etdirməsi daha məqsədəuyğun görünür. Ancaq Azərbaycan Xəzər dənizində gücünə görə ikinci hərbi donanmaya malikdir. Milli maraqlarımız baxımından, Xəzərdə hərbi-siyasi nüfuzumuzu fəal mövcudluğumuzla qorumalıyıq. Ona görə “Dəniz Kuboku" kimi beynəlxalq hərbi tədbirlərə və görüşlərə ev sahibliyi etməyimizə Xəzər regionunda siyasi və iqtisadi təhlükəsizlik maraqlarımızın təmini prizmasından yanaşmalıyıq. Türkiyənin Xəzərdə Rusiya ilə maraq ziddiyyəti olmadığından, Rusiya ilə Xəzərdə hərbi əməkdaşlığımız Azərbaycan-Türkiyə hərbi əməkdaşlığına xələl gətirmir”.
Hərbi ekspert bildirib ki, Şoyqunun çıxışında işgüzar məqamlardan biri Azərbaycanla hərbi-texniki əməkdaşlığın tezliklə fəallaşmasına ümid bəsləməsi və Rusiyada bizim mütəxəssislərimizin hazırlanmamasını xatırlatmasıdır. Rusiya narahatdır ki, Türkiyə ilə rəqabətdə silah bazarını qismən itirir:
“Səfər ərəfəsində rus mətbuatında Rusiyanın Ermənistana daha dörd Su-30SM təyyarəsi verməyə hazır olması, “ArMİ-2020” çərçivəsində keçirilən (Azərbaycanın da iştirak etdiyi) hərbi-texniki forumda Rusiya şirkəti ilə Ermənistan arasında Su-25 təyyarələrinin modernizasiyası üçün kontraktın bağlanması haqqında yayılan məlumatlar da Azərbaycanı Rusiya ilə hərbi-texniki əməkdaşlığa təşviq etmək məqsədi daşıyır. Ancaq səfərin əsas məqsədi regionu hər an başlaya biləcək müharibədən saxlamaqdır. Müharibənin bir qığılcımdan alovlana biləcəyini Rusiya Xarici İşlər naziri Sergey Lavrov “Trud” qəzetinə verdiyi müsahibədə açıq söylədi. O, Tovuz hadisələrində Ermənistanı məsuliyyətli bildi və vurğuladı ki, həmsədrlərin hazırda əsas məqsədi danışıqlar prosesini bərpa etməkdir.
Lakin paradoks ondadır ki, danışıqlardan məhz Ermənistan imtina edir. Bu günlərdə Ermənistan baş naziri Nikol Paşinyan bəyan edib ki, Ermənistan-Azərbaycan gərginliyi səngiməyincə, İlham Əliyevlə görüş mümkün deyil. Deməli, Ermənistan münaqişə zonasına aid olmayan, dövlət sərhədində Azərbaycana qarşı təxribat törədir, daha sonra isə sülh danışıqlarını davam etdirmək üçün cəbhədə sakitlik olacağına qarantiya tələb edir. Lavrov gözəl bilir ki, nəinki danışıqlar, hətta danışıqlar görüntüsü limiti 26 ildə tükənib, bitib”.
“Bu şəraitdə, belə həyasız avantürist ölkə rəhbərliyi ilə Azərbaycanın danışıqlar aparmasına nə Rusiyada, nə də beynəlxalq qurumlarda tutarlı arqument qalmayıb. Danışıqların başlanması üçün erməni rəhbərliyinə təzyiqlər artırılmalıdır, çünki gərginliyin kökü Lavrovun da sözügedən müsahibəsində qeyd etdiyi kimi, Dağlıq Qarabağ probleminin həll olunmamış qalmasıdır. İstənilən təsadüfi hadisə genişmiqyaslı müharibəyə apara bilər. Ermənistan Dağlıq Qarabağda mülki əhalidən ibarət könüllü hərbi dəstələr yaradır. Göründüyü kimi, hazırda regionda sülhdən çox, müharibəyə hazırlıq gedir” - deyə, ehtiyatda olan zabit bildirib.