Əməkdar artist, tanınmış xanəndə Elnarə Abdullayeva karantin qaydalarını pozduğuna görə post-patrul xidməti əməkdaşları tərəfindən saxlanılması barədə yayılan xəbərlərə aydınlıq gətirib.
Abdullayeva "Ölkə.Az"-a açıqlamasında bildirib ki, yayılan xəbər kiçik anlaşılmazlığın nəticəsidir:
"Televiziya kanallarını birinin Şamaxıda çəkilişi olmalıydı və mən də dəvət edilmişdim. Ancaq postdan keçərkən tələb edilən rəsmi icazə alınmadığına görə yüngülvari problem yarandı. Mən də bu barədə telekanalın əməkdaşlarına etirazımı bildirdim. İşi görəndə bütöv görmək lazımdır. Elə ona görə də həmin çəkilişə getməkdən imtina etdim və evimə qayıtdım. Onsuz da elə yeddi aydır ki, evimdə oturmuşam da".
*****
Əməkdar artist, muğam ustası Elnarə Abdullayeva karantin qaydalarını pozduğuna görə post-patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb.
HİT.Az Axar.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı yolundakı Pirəkəşkül postunda baş verib.
Belə ki, əməkdar artist Şamaxıya getmək istəyərkən, sözügedən postda polis əməkdaşları tərəfindən saxlanılıb. Ona postu keçməyə icazəsi olmadığı bildirilsə də, xanım müğənni etiraz etməyə başlayıb.
Bundan sonra o, karantin qaydalarına əməl etməməsi səbəbindən polis bölməsinə aparılıb.