Ağstafada torpaq sürüşməsi ciddi təhlükəyə çevrilib - VİDEO

ÖLKƏ
09:08 / 28.08.2020
680

Ağstafa rayonunun Köçəskər kəndində real təhlükə yaşanır. Acı Dərə adlanan ərazidə torpaq sürüşməsi gedir. Nəticədə dərin çatlar və yarğanlar əmələ gəlib. Vəziyyət o həddə çatıb ki, artıq 15 ev uçmaq təhlükəsi ilə üz-üzə qalıb.

Sakinlər bildirir ki, evlərinə rahat şəkildə gedib-gələ bilmirlər. Gün ərzində bu təhlükəli ərazidən uşaqlı-böyüklü bütün kənd sakinləri istifadə etmək məcburiyyətindədir. Hətta zaman-zaman dərin çuxura düşənlər də olub. Ərazidən qaz və elektrik xətlərinin keçməsi isə problemi daha da ağırlaşdırır.

Təhlükənin böyüməsinin başlıca səbəblərindən biri torpaq qatının altından qrunt sularının keçməsidir. Məhz ərazidən axan qrunt suları torpaq sürüşməsinə gətirib çıxarıb.

Vətəndaşlardan fərqli olaraq, aidiyyəti qurumlar problemin qısa zamanda həll olunacağını bildirir. Ağstafa rayon İcra Hakimiyyətinin rəsmisi Şükran Hacıyevin sözlərinə görə, aidiyyəti qurumlara məlumatlar verilib, sürüşmənin qarşısını almaq üçün yaxın vaxtlarda işlər başlayacaq.

0
Oxu.az