Prezidentin Ehtiyat Fonduna 480 milyon manat ayrılacaq 

İQTİSADİYYAT
18:30 / 29.08.2020
1013

"Son 15 ildə Prezident Ehtiyat Fonduna ən çox vəsait bu il ayrılıb”.

HİT.Az xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu deyib. O bildirib ki, 2020-ci il büdcəsinə edilən düzəlişlərdən ən çox pay götürən Ehtiyat Fondları olub:

"Belə ki, bu xərc maddəsi üzrə vəsaitlər 72,5 faiz artırılıb. Bu artımdan daha çox pay Prezident fonduna düşüb, məbləğ 300 milyon manatdan 480 milyon manata qaldırılıb, yəni 1,6 dəfə artırılıb. Büdcənin ehtiyat fondu isə 100 milyon manatdan 210 milyon manata çatdırılıb. Beləliklə də dövlət büdcəsində əvvəlcə 400 milyon manat təqdiq olunan ehtiyat fondları düzəlişdən sonra 690 milyon manat olub. Ehtiyat Fondlarının xərc istiqamətləri təsnif olunmadığına görə, 690 milyon manatın hara, necə və kim tərəfindən xərclənməsi yalnız prezidentin sərəncamları və baş nazirin qərarlarından sonra bilinir”.

Qubad İbadoğlu qeyd edib ki, Cənub-Şərqi Avropa və Mərkəzi Asiya bölgəsində daxil olan 22 ölkə üzrə aparılmış tədqiqatlar göstərir ki, Prezidentin Ehtiyat Fondu yalnız Azərbaycanda mövcuddur: 

"Azərbaycanda bu fond 2006-cı ildən formalaşdırılır. Fondda bu ilə qədər ən çox vəsait 2015-ci ildə 382 milyon manat olub. Son artımdan sonra 2020-ci il üçün Prezidentin Ehtiyat Fondunun vəsaiti onun mövcud olduğu 15 ilin pik göstərici sayılacaq. Belə ki, bu il büdcədən Prezidentin Ehtiyat Fonduna 480 milyon manat ayrılması nəzərdə tutulub ki, bu da 2020-ci il üçün dövlət büdcəsi gəlirlərinin 2 faizinə çatır”.

0