Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası yenidən formalaşdırılır.
HİT.Az xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli AzTV-də yayımlanan “Jurnalist araşdırması: DTX həbslərinin təfərrüatı” süjetində deyib.
Ə.Hüseynli Komissiyanın fəaliyyətinin təkmilləşdirilməsi üçün təklif də səsləndirib.
“Hesab edirəm ki, indiki siyasi konfiqurasiyanı nəzərə alıb, Komissiyada digər siyasi partiyaların nümayəndələrinin də təmsil olunması əhəmiyyətlidir”, - deyə o əlavə edib.
Bildirək ki, Ə.Hüseynli həmin Komissiyanın Milli Məclis tərəfindən təyin olunan üzvüdür.
Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya 2004-cü ilin martın 3-də yaradılıb. Komissiya korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirir.
Komissiyanın səlahiyyətləri isə Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli qanunu ilə təsdiq edilmiş Əsasnamə ilə müəyyən olunur.
Komissiya 15 üzvdən ibarətdir. Komissiyanın beş üzvü Prezident, beş üzvü Milli Məclis, beş üzvü isə Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir.
Qeyd edək ki, hazırda Komissiyanın sədri Prezident Administrasiyanın keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevdir.
Oxu.az