“Xüsusi karantin rejiminin uzadılması zərurətdən doğan addım idi. Burada əsas məqsədlərdən biri isə ölkə vətəndaşlarının təhlükəsizliyinin təmin olunması, sağlamlığının qorunmasıdır”. Bunu Azvision.az -a açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
Milli Məclisin üzvü epidemioloji vəziyyətin stabilləşməsinə baxmayaraq əhalinin bundan sonra da tətbiq olunan karantin və gigiyena qaydalarına daha ciddi və məsuliyyətli əməl etməsini vacib sayıb:
“Çünki dünyada pandemiya təhlükəsi hələ də sovuşmayıb. Dünya səhiyyə təşkilatının da bununla bağlı müəyyən tövsiyə və fikirləri mövcuddur. Bu mənada hazırda həm ölkəmizdə, həm də xaricdəki ümumi durum nəzərə alınaraq insanların daha da diqqətli və ehtiyatlı olmaları indiki həssas dönəmdə xüsusi əhəmiyyət daşıyır. Azərbaycanda xüsusi karantin rejimi avqustun sonuna kimi uzadılmışdı. Baxmayaraq ki, yoluxmalarda və ölüm hallarında müəyyən azalmalar oldu, hazırkı epidemioloji durum nəzərə alınaraq, çox ciddi araşdırmalar aparılaraq qərar verildi ki, təhlükənin tam sovuşması üçün xüsusi karantin rejimi bir qədər də uzadılsın. Yəni, bu zərurətdən irəli gələn bir məsələdir”.
Virus təhlükəsinin tam sovuşmadığını deyən millət vəkili vətəndaşların uzun müddət səbirlə karantinin bitməsini gözləməsini də təqdir edib:
“Yumşalmalar tədricən baş verir. Birdən-birə bütün açılma proseslərinə icazə verilsə, Bakıya gediş-gəliş tam sərbəst olsa, eləcə də nəqliyyat tam formada bərpa olunsa, müəyyən ciddi problemlər yaşaya bilərik. Hər kəsə bəllidir ki, bu hələlik dərmanı bəlli olmayan xəstəlik daha çox insanların bir-biri ilə sıx təmasda olması səbəbindən yayılır. Vətəndaşlarımız bir yerə daha çox toplaşdıqda, kütləvi tədbirlər təşkil edildikdə və ya nəqliyyatdan sıx şəkildə istifadə edildikdə xəstəliyin yayılma ehtimalları daha böyük olur. Ona görə də, bu reallıqlar nəzərə alınaraq, xüsusilə də yoluxma hallarının yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda bəzi əlavə məhdudiyyətlər hələ davam edəcək. Qeyd edilən şəhərlərdə xüsusi karantin rejiminin uzadılması barədə qərarın verilməsi indiki halda təqdir edilməlidir. Çünki burada əsas məqsədlərdən biri ölkə vətəndaşlarının təhlükəsizliyinin təmin olunması, onların sağlamlığının qorunmasıdır”.
C.Məmmədov vətəndaşların da üzərinə böyük məsuliyyət düşdüyünü xatırladıb:
“Bir müddət öncə biz müəyyən yumşalmalara getmişdik. Yəni, bir çox sahələrin müəyyən şərtlər çərçivəsində fəaliyyətinə icazə verildi və ayrı-ayrı istiqamətlər üzrə fəaliyyətlərin bərpa olunmasında xeyli yumşalmanı da müşahidə etdik. Amma indiki halda bir sıra istiqamətlər və sahələr üzrə hələ ki, gözləməyimiz məsləhətdir. Tövsiyə olunur ki, bir az da səbirli olaq, bir müddətdən sonra isə həyat öz axarına qayıdacaq. Bir millət vəkili kimi də vətəndaşlara tövsiyəm ondan ibarətdir ki, bir qədər də səbir edib sosial izolyasiya və gigiyena qaydalarına tam əməl etsinlər, birgə səylər nəticəsində pandemiya təhlükəsi tam şəkildə üzərimizdən sovuşacaq da”.
Deputat ilin mühüm təhsil hadisələrindən olan dərslərin başlanması ilə bağlı fikirlərini də bölüşüb. O Təhsil Nazirliyinin öz təklif və tövsiyələrini ortaya qoyduğunu xatırladaraq, müəyyən istiqamətlər üzrə 15 sentyabrdan daha sonra isə oktyabrdan həftədə iki-üç dəfə olmaqla məktəblərdə tədrisin bərpa olunmasını müsbət amil sayıb:
“Dərslərin hansı formada bərpası və digər istiqamətlərlə bağlı tövsiyə və təklifləri eşitdik. Təhsil naziri dünənki mətbuat konfransında bəzi detallarla bağlı bir sıra məsələlərə aydınlıq da gətirdi. Burada əsas məsələ odur ki, biz birdən-birə bütün məhdudiyyətləri qaldıra bilmirik. Bu prosesəsə mərhələli şəkildə getməliyik. Tədris müəssisələrinə də yanaşma bu istiqamətdə götürülür ki, tam ənənəvi tədrisə keçə bilmərik. Bu tədris müddətində şagirdlər həftədə iki ya üç dəfə dərsə gəlməklə müəyyən siniflərə, kurslara şərait yaradılır ki, onlar öz fəaliyyətlərini qismən də olsa bərpa etsinlər. Təbii ki, bəziləri isə onlayn formada dərsləri və tədrisi davam etdirəcəklər.
Burada əsas amil ondan ibarətdir ki, dövlət bu arzuolunmaz pandemiya şəraitinin yaratdığı bütün çətinlikləri diqqətlə təhlil edir və hazırda da balanslaşdırılmış müəyyən qərarlar qəbul olunur. Bütün bu qərarlarda da həm vətəndaşlarımızın sağlamlığı həm də təhlükəsizliyi düşünülür, bu amil əsas götürülür. Təbii ki, belə ehtiyatlı davranmalar fonunda müəyyən yumşalmalar da həyata keçirilir ki, bu da vətəndaşların rahat yaşamasına və yaxın vaxtlarda da müəyyən başqa yumşalmalara gedilməsinə zəmin yaradır”.
Tural Tağıyev
Azvision.az