Dövlət qurumunun tender keçirməyə pulu çatmadı - TƏXİRƏ SALINDI

İQTİSADİYYAT
19:14 / 31.08.2020
1152

“İçərişəhər” DTMQ İdarəsinin Elmi-İstehsalat Bərpa Emalatxanası tərəfindən keçirilən layihə-smeta tenderi ləğv edilib.

FED.az xəbər verir ki, dövlət qurumu tərəfindən şirkətə təklifin qəbul olunması ilə bağlı məktub göndərildikdən və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində qeydə alındıqdan sonra tenderin nəticəsi ləğv edilib.

Qalib şirkət - "AM.M LİNE" MMC tərəfindən tenderin ləğvinə səbəb kimi ölkədə yayılan COVİD-19 koronavirus pandemiyası və cəmiyyətin maddi vəsaitinin yetərincə olmaması göstərilib.

Xatırladaq ki, dövlət qurumu 4 iyun 2020-ci il tarixində "AM.M LİNE" MMC ilə "İçərişəhər" Qüllə küçəsi 12 ünvanında yerləşən XV-XVII əsrlərə aid olan Buxara Karvansarayının 2-ci mərhələsində 2 mərtəbəli binanın 3-cü mərtəbəsinin yüngül kostruksiyadan hazırlanmasının layihə-smeta sənədlərinin satınalması üçün 27,5 min manatlıq müqavilə imzalamışdı.

"AM.M LİNE" MMC Bakı şəhəri Nərimanov Rayonu, Ağa Nemətulla, ev 20 B, m. 21 ünvanında qeydiyyata alınıb. MMC-nin nizamnamə kapitalı 40 manatdır. 2 may 2005-ci il tarixində qeydiyyata alınan şirkətin qanuni təmsilçisi Talıb Həsənli Naib oğludur.

0